CHP-nin idarə etdiyi bələdiyyədə əməliyyatlar davam edir.
Turkustan.az xəbər verir ki, İstanbul Anadolu Baş Prokurorluğu tərəfindən aparılan istintaq Adalar Bələdiyyəsinin meri Əli Ercan Akpolat, sədr müavinləri Hüseyn Yılmaz və Fırat Durak, həmçinin bəzi şöbə müdirləri və bələdiyyə əməkdaşlarının təbii və arxeoloji sit ərazisi statusuna malik Adalar bölgəsində qanunsuz lisenziyalaşdırma prosedurları həyata keçirdikləri və rüşvət müqabilində qanunsuz tikinti fəaliyyətlərinə göz yumduqları iddiaları əsasında başlanıb.
Prokurorluğun açıqlamasına görə, şübhəlilər barəsində “rüşvət alma”, “hədə-qorxu ilə pul tələb etmə”, “rəsmi sənədlərin saxtalaşdırılması”, “cinayət törətmək məqsədilə təşkilat yaratma və idarə etmə”, “Mədəni və Təbii İrsin Qorunması haqqında 2863 saylı Qanunun pozulması” və “vəzifə səlahiyyətlərindən sui-istifadə” maddələri üzrə araşdırma aparılır.
İstintaq çərçivəsində İstanbul Polis İdarəsinin Maliyyə Cinayətləri ilə Mübarizə Şöbəsinə müvafiq tapşırıqlar verilib. Şübhəlilər üzərində texniki nəzarət həyata keçirilib, MASAK məlumatları, telefon əlaqə qeydləri və baza stansiyası məlumatları araşdırılıb, həmçinin şahid ifadələri toplanıb.
Araşdırmalar zamanı tarixi binalarda rüşvət müqabilində “sadə təmir” adı altında əslində əsaslı təmir və tikinti işlərinə icazə verildiyi müəyyən edilib. Bundan əlavə, lisenziyasız fəaliyyət göstərən müəssisələrə pul qarşılığında lisenziyaların verildiyi və ya bu fəaliyyətlərə göz yumulduğu iddia olunur.

Aytən Yaşar/ Turkustan.az