Aİ Ukraynaya təcili kiber dəstək imkanları açdı


Avropa İttifaqı Şurasının bu gün Ukraynanın Aİ Kibertəhlükəsizlik Ehtiyatına qoşulmasını təsdiqləməsindən sonra Ukrayna artıq genişmiqyaslı kiberhücumlara qarşı mübarizə məqsədilə Aİ-nin təcili kiber dəstək mexanizmlərindən istifadə edə biləcək.

Turkustan.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının mətbuat xidməti açıqlama yayıb.

Bəyanatda qeyd olunub ki, qərar Aİ ilə Ukrayna arasında sıx əməkdaşlığın göstəricisidir və Avropa İttifaqının strateji rəqəmsal tərəfdaşlıq siyasətinə uyğundur.

Sənəddə həmçinin vurğulanıb ki, bu addım Avropa Komissiyasının kibertəhdidlərə qarşı hazırlığın artırılması, operativ reaksiya imkanlarının gücləndirilməsi və təcrübə mübadiləsinin genişləndirilməsi istiqamətində həyata keçirdiyi daha geniş fəaliyyətlərin tərkib hissəsidir.

Avropa Komissiyasının Texnoloji Suverenlik, Təhlükəsizlik və Demokratiya üzrə icraçı vitse-prezidenti Henna Virkkunen bildirib ki, Ukraynanın Aİ Kibertəhlükəsizlik Ehtiyatına qoşulması kollektiv müdafiəni daha da gücləndirir və Avropanın rəqəmsal gələcəyinin əsasını təşkil edən həmrəylik prinsipini bir daha təsdiqləyir.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ