Almaniyanın Hamburq hava limanında şübhəli əşya barədə məlumat daxil olduqdan sonra təhlükəsizlik tədbirləri gücləndirilib, terminalın bir hissəsi təxliyə olunub və bütün uçuşlar müvəqqəti olaraq dayandırılıb.
Turkustan.az xəbər verir ki, polisin məlumatına görə, hava limanında "polis əməliyyatı tələb edən vəziyyət" yarandığından təhlükəsizlik yoxlama məntəqəsindən sonrakı bütün təhlükəsizlik zonası boşaldılıb.
Almaniya mətbuatının yaydığı xəbərlərə əsasən, əməliyyata şübhəli obyekt barədə daxil olan məlumat səbəb olub. Bununla belə, səlahiyyətli qurumlar hələlik bu məlumatı rəsmi şəkildə təsdiqləməyiblər.
Bildirilib ki, təhlükəsizlik yoxlamasından keçmiş sərnişinlər təxliyə çərçivəsində yenidən terminala qaytarılıb. Həmçinin bəzi təyyarələrdə olan sərnişinlərin də təyyarələri tərk etmələri tələb olunub.
Hamburq hava limanının operatoru təhlükəsizlik tədbirləri ilə əlaqədar bütün uçuşların müvəqqəti dayandırıldığını açıqlayıb. Eyni zamanda, enişlərin davam etdiyi bildirilib. Sərnişinlərə uçuşlarının statusunu aviaşirkətləri vasitəsilə dəqiqləşdirmələri tövsiyə olunub.
Hadisənin səbəbləri ilə bağlı araşdırmalar davam edir. Təhlükəsizlik zonasının nə vaxt yenidən fəaliyyətə başlayacağı isə hələ məlum deyil.
Aytən Yaşar/ Turkustan.az