ABŞ-ın vitse-prezidenti JD Vance Vaşinqton və İsrailin İran məsələsində bəzi ortaq maraqlara malik olduğunu, lakin tərəflərin maraqlarının tam şəkildə üst-üstə düşmədiyini bildirib.
Turkustan.az xəbər verir ki, Amerikanın Fox News telekanalına müsahibəsində danışan Vens ABŞ və İsrailin İran siyasəti ilə bağlı mövqelərinə aydınlıq gətirib.
O qeyd edib ki, ABŞ və İsrailin “ortaq maraqları” olsa da, müəyyən məsələlərdə fərqli prioritetlər mövcuddur.
“Ən vacib məqam ondan ibarətdir ki, İsrailin öz məqsədləri var. ABŞ-ın İrandakı əsas məqsədi isə Tehranın nüvə silahına sahib olmasının qarşısını almaqdır”, – deyə Vens vurğulayıb.
Vitse-prezident bildirib ki, son ilyarım ərzində formalaşan şərait İranın nüvə proqramı ilə bağlı uzunmüddətli razılaşmanın əldə olunması üçün imkan yaradıb.
“İsrail bundan məmnun qala da bilər, qalmaya da bilər. Lakin biz hesab edirik ki, bu yanaşma ilk növbədə ABŞ-ın milli maraqlarına uyğundur”, – deyə Vens əlavə edib.
Aytən Yaşar/ Turkustan.az