SENSASİYA: Yeni plan hazırlanır - Paşinyan və Putin gizli razılaşıb?


Ermənistanda Baş nazir Nikol Paşinyanın siyasi mövqeyini qoruması fonunda ölkənin xarici siyasət kursunun, xüsusilə də Rusiya ilə münasibətlərinin gələcəyi yenidən müzakirə mövzusuna çevrilib. Son illər İrəvan və Moskva arasında gərginlik müşahidə olunsa da, bəzi ekspertlər bunun daha çox zahiri xarakter daşıdığını düşünür.

Bəs Paşinyanın mövqeyinin güclənməsi Rusiya-Ermənistan münasibətlərində hansı dəyişikliklərə səbəb ola bilər?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən siyasi şərhçi Əziz Əlibəyli bildirib ki, Ermənistan-Rusiya münasibətləri iki fərqli istiqamətdə inkişaf edir.

Siyasi şərhçi Əziz Əlibəyli:

Onun sözlərinə görə, tərəflər arasında görünən qarşıdurma ilə real münasibətlər arasında ciddi fərq mövcuddur:

“Bir tərəfdən aldadıcı görüntü yaradılır. Əslində isə qapalı görüşlərdə Rusiya ilə Ermənistan arasında müəyyən razılaşmaların olduğu ehtimalı yüksəkdir. Bu münasibətlər üçüncü tərəflərdən müəyyən maliyyə və siyasi dividendlər əldə etməyə hesablanmış model kimi də görünə bilər. Bununla bağlı müxtəlif siqnallar müşahidə olunur”.

Ekspert qeyd edib ki, Ermənistanın Avropa İttifaqından aldığı maliyyə dəstəyi gələcəkdə daha da artacaq:

“Hazırda Ermənistan üçün Avropada ayrılan maliyyə vəsaiti milyonlarla ölçülür. Gələcəkdə bunun milyardlarla avroya çatacağı istisna deyil. Bu isə müəyyən mənada Rusiyanın Ermənistan üzərində daşıdığı iqtisadi yükün azalmasına xidmət edir”.

Ə.Əlibəyli vurğulayıb ki, bütün bu proseslərə baxmayaraq, Rusiyanın Ermənistan üzərində təsir imkanları hələ də qalmaqdadır:

“Rusiya-Ermənistan münasibətlərində ikili xətt mövcuddur. Zahirdə qarşıdurma görüntüsü verilsə də, reallıqda tərəflərin bir-birinə təsiri davam edir. Bundan sonra da münasibətlərin daha çox qarşıdurma kimi təqdim olunduğunu görəcəyik. Tərəflər sanki bir-birinin mövqelərinə zərbə vurmağa çalışırmış kimi görünəcəklər. Lakin bu addımların əksəriyyəti real münasibətlərə ciddi təsir göstərmir”.

Siyasi şərhçinin fikrincə, yaxın dövrdə Moskva ilə İrəvan arasında ritorik gərginliyin artması mümkün olsa da, strateji əməkdaşlığın tamamilə pozulacağı gözlənilmir.


MANŞET XƏBƏRLƏRİ