Ukrayna prezidenti Volodimir Zelenski bildirib ki, Ukrayna Rusiyanın müharibə imkanlarını zəiflətmək üçün beynəlxalq sanksiyalar istiqamətində fəal fəaliyyətini davam etdirir.
Turkustan.az xəbər verir ki, Zelenski axşam videomüraciətində əsas məqsədin Rusiyanın raket və dron istehsalı üçün istifadə etdiyi xarici komponentlərin tədarük kanallarını tamamilə bağlamaq olduğunu deyib.
Prezident qeyd edib ki, Rusiyanın Kiyevə son hücumunda bu il istehsal olunmuş raketlərdən istifadə edilib və həmin silahların hazırlanması üçün Avropa, Yaponiya və ABŞ şirkətlərinin komponentlərindən yararlanılıb.
Zelenskinin sözlərinə görə, həmin texnologiyalar olmasaydı, Rusiya bu raketləri istehsal edə bilməzdi. O əlavə edib ki, Ukrayna şəhərlərinə və yaşayış məntəqələrinə qarşı istifadə olunan digər silahların əksəriyyətində də oxşar vəziyyət müşahidə olunur.
Ukrayna prezidenti vurğulayıb ki, Rusiyanın dünya ilə müharibəyə xidmət edən iqtisadi və texnoloji əlaqələri təkcə Ukrayna üçün deyil, bütün dünya üçün təhlükə yaradır.
O həmçinin bildirib ki, Rusiya hərbi potensialını qoruyub saxlasa, gələcəkdə təhlükə Avropanın və Rusiyaya qonşu digər bölgələrin təhlükəsizliyinə də təsir göstərə bilər.
Aytən Yaşar/ Turkustan.az