Narkotik baronu El Mençonun ölümü ölkəni xaosa sürüklədi


Meksikada federal təhlükəsizlik qüvvələri Xalisko Yeni Nəsil Kartelinin (CJNG) lideri və ölkənin ən çox axtarılan narkotik baronu, “El Menço” ləqəbli Nemesio Oseguera Servantesi zərərsizləşdirib.

Turkustan.az xəbər verir ki, Xalisko ştatının Puerto Vallarta şəhərindən yayılan görüntülərdə səmanın qatı tüstü ilə örtüldüyü, avtobus terminallarında isə silah səsləri və partlayışlar səbəbindən panika yaşandığı əks olunur.

Milli medianın məlumatına görə, CJNG-yə qarşı hərbi əməliyyat Xalisko ştatının paytaxtı Qvadalaxaradan təxminən 130 kilometr cənubda yerləşən Tapalpa şəhərində keçirilib.

Hakimiyyət orqanları hələlik əməliyyatla bağlı ətraflı məlumat açıqlamayıb, lakin CJNG lideri “El Menço”nun silahlı toqquşma zamanı öldürüldüyünü bildirib.

Onun öldürülməsi ştatda genişmiqyaslı zorakılıq dalğasına səbəb olub.

Əməliyyatdan sonra, ehtimal ki, cinayətkar təşkilatın qisası olaraq, Xaliskoda və bir sıra digər ştatlarda çoxsaylı yol blokadaları yaradılıb, nəqliyyat vasitələrinə və müxtəlif obyektlərə qarşı yandırma hücumları həyata keçirilib.

Mediada və sosial şəbəkələrdə yayılan görüntülərdə Xalisko, Miçoakan, Kolima, Nayarit, Aquaskalientes və Tamaulipas ştatlarında nəqliyyat vasitələrinin yandırıldığı və tüstü qalxdığı, Quanaxuato ştatında isə bəzi obyektlərin yandırıldığı bildirilir.

Ölümü ilə dünya gündəmini zəbt edən El Menço kimdir?

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ