Rusiyanın xarici işlər naziri Sergey Lavrov bəyan edib ki, Moskva Ukrayna ilə öz maraqlarına zidd olan sülh müqaviləsi imzalamayacaq.
Turkustan.az xəbər verir ki, o əlavə edib: “Lakin qanuni maraqlarımızı pozmayan şəkildə güzəştlərə getməyə hazırıq”.
Lavrov bu fikirləri Rusiya parlamentinin aşağı palatası olan Dövlət Dumasında çıxışı zamanı səsləndirib.
Rusiya–ABŞ münasibətlərinə toxunan nazir bildirib ki, indiyədək həm ikitərəfli əlaqələr, həm də Ukrayna məsələsi üzrə müxtəlif formatlarda dialoqun bərpasından başqa konkret nəticə əldə olunmayıb. O, ABŞ ilə dialoqun, o cümlədən iqtisadi layihələr sahəsində, real irəliləyişlərə gətirib çıxaracağına ümid etdiyini qeyd edib.
Lavrov ABŞ-ın yenilənmiş milli təhlükəsizlik strategiyasına da diqqət çəkərək, sənəddə Rusiyanın düşmən deyil, potensial tərəfdaş kimi təqdim olunduğunu bildirib və bunu “özlüyündə müsbət hal” adlandırıb.
Nazir həmçinin vurğulayıb ki, Rusiya ABŞ-la təmaslarda qarşılıqlı hörmət prinsipinin əsas götürülməsinin və Vaşinqtonun təhlükəsizliyinə təsir etməyən uzaq regionlara müdaxilədən çəkinilməsinin vacibliyini müdafiə edir.
Lavrov xatırladıb ki, Prezident Vladimir Putin daha əvvəl ABŞ-a Yeni START Müqaviləsinin müddəti başa çatdıqdan sonra bir il ərzində onun şərtlərinə əməl etməyi təklif edib. Onun sözlərinə görə, Vaşinqton bu təklifə hələ də rəsmi cavab verməyib.
Aytən Yaşar/ Turkustan.az