ABŞ Ədliyyə Nazirliyi tərəfindən açıqlanan və 2019-cu ilə aid olduğu bildirilən Epşteyn sənədləri arasında yer alan FTB hesabatında Palm Biç polisinin keçmiş rəisi Maykl Reyterin ifadəsi yer alıb.
Turkustan.az xəbər verir ki, hesabatda qeyd olunur ki, Reyter 2006-cı ilin iyul ayında Donald Trampdan telefon zəngi aldığını və Trampın ona Ceffri Epşteynin fəaliyyəti ilə bağlı “hamının bundan xəbərdar olduğunu” dediyini bildirib.
Sənəddə Reyterin sözlərinə görə, Tramp telefon danışığı zamanı belə deyib: “Allaha şükür ki, onu dayandırırsan. Hamı onun bu şeyləri etdiyini bilirdi. Nyu-Yorkdakı insanlar onun iyrənc bir insan olduğunu bilirdilər”.
Bu iddia Trampın 2019-cu ilin iyulunda Epşteynin həbsindən sonra verdiyi açıqlama ilə ziddiyyət təşkil edir. Həmin vaxt Tramp keçmiş dostunun azyaşlı qızlara qarşı zorakılığı barədə məlumatlı olub-olmaması ilə bağlı suala “Mənim heç bir məlumatım yox idi” cavabını vermişdi.
Reyter həmçinin FTB-yə bildirib ki, Tramp bir dəfə Epşteyni yeniyetmələrlə birlikdə görüb və “dərhal oradan uzaqlaşdığını” deyib.
ABŞ Ədliyyə Nazirliyi isə məsələ ilə bağlı açıqlamasında “prezidentin 20 il əvvəl hüquq-mühafizə orqanları ilə əlaqə saxladığını təsdiqləyən hər hansı dəlildən xəbərdar olmadıqlarını” bildirib.
Aytən Yaşar/ Turkustan.az