Tramp: Danimarka Qrenlandiyanı qoruya bilmədi, ABŞ müdaxilə etməlidir!


ABŞ prezidenti Donald Tramp Danimarkanın Qrenlandiyanın təhlükəsizliyi ilə bağlı üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyini iddia edib.

Turkustan.az xəbər verir ki, Tramp sosial media hesabında paylaşım edərək bildirib ki, NATO son 20 il ərzində Danimarkanı Qrenlandiyanı mümkün Rusiya təhdidlərindən qorumaq barədə dəfələrlə xəbərdar edib. Onun sözlərinə görə, Kopenhagen bu çağırışlara baxmayaraq real addımlar atmayıb.

Tramp vurğulayıb ki, artıq vaxt yetişib və bu məsələ ilə bağlı konkret addımlar atılacaq. O, ABŞ-ın milli təhlükəsizlik maraqları baxımından Qrenlandiyaya ehtiyac duyduğunu, xüsusilə də “Qızıl Günbəz” adlandırılan müdafiə layihəsinin qurulması üçün bu ərazinin strateji əhəmiyyət daşıdığını qeyd edib.

Vaşinqtonda ABŞ, Danimarka və Qrenlandiyanın xarici işlər nazirləri arasında keçirilən son görüşdən sonra tərəflər arasında əsaslı fikir ayrılıqlarının qalmaqda davam etdiyi bildirilib. Məlumata görə, ABŞ-ın Qrenlandiya üzərində nəzarət əldə etmək istəyi açıq şəkildə hiss olunur.

Danimarka Krallığının tərkibində muxtar statusa malik olan Qrenlandiya isə bundan əvvəl ABŞ-ın suverenliyin təhvil verilməsinə dair təkliflərini rədd etmişdi.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ