ABŞ-da yerləşən X şirkəti İranı qəzəbləndirəcək bir addım atdı


ABŞ-da yerləşən X sosial media platforması istifadəçi müraciətinə əsasən veb versiyada İran bayrağını dəyişdirib.

Turkustan.az xəbər verir ki, X platformasının məhsul meneceri Nikita Bier istifadəçinin İran bayrağı emojisi ilə bağlı müraciətinə cavab verib. Bier bildirib ki, hazırda istifadə olunan İran bayrağı 1979-cu il İslam İnqilabından əvvəl mövcud olmuş “Aslan və Günəş” simvolu olan bayraqla əvəz ediləcək. Bu açıqlamadan bir neçə saat sonra yenilənmiş bayraq platformanın veb versiyasında görünməyə başlayıb.

Yeni bayraq İslam Respublikası dövründə qəbul edilən, üzərində qırmızı emblem olan hazırkı rəsmi bayrağın yerini tutur. “Aslan və Günəş” simvolu isə əsrlər boyu İranda istifadə olunmuş, xüsusilə Şah Rza Pəhləvi dövrü ilə əlaqələndirilən bayraq kimi tanınır və 1979-cu il inqilabından sonra rəsmi istifadədən çıxarılıb.

Dəyişiklikdən sonra yenilənmiş bayrağın İran Xarici İşlər Nazirliyi və İnqilab Keşikçiləri ilə yaxın əlaqələri ilə tanınan Tasnim News kimi dövlətə bağlı hesabların rəsmi X profillərində görünməsi diqqət çəkib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ