Rusiyanın Krasnodar diyarının Arbitraj Məhkəməsi Baş Prokurorluğun iddiası əsasında strateji müəssisə olan “Tuapse dəniz limanı” MMC-ni dövlət mülkiyyətinə keçirib.
Turkustan.az yerli mediaya istinadla bildirir ki, Baş Prokurorluq iddiasının təcili şəkildə baxılmasına nail olub. Çünki onların məlumatına görə, limanın yerləşdiyi ərazi təhlükəsizlik tələblərinə cavab verməyən qida məhsullarının qaçaqmalçılığı üçün istifadə edilib və aktivlərin özü də cinayət yolu ilə əldə olunub.
İş üzrə cavabdeh Şahlar Novruzov göstərilir. O, 2014-cü ilin oktyabrında Tuapse limanındakı payların 100 faizini əldə edib. Daha sonra bu payları Britaniya Virgin adalarında qeydiyyatdan keçmiş Vonixel Limited BVI şirkətinə ötürüb. Eyni zamanda o, limanla bağlı digər aktivləri də alıb: məsələn, yüklərin boşaldılması, saxlanması və daşınması üzrə xidmətlər göstərən “Tuapse dəniz limanı müəssisəsi” MMC-ni.
2024-cü ildə Novruzov biznesi “leqallaşdırmağa” cəhd edərək MMC-nin 100 faiz payını yenidən öz adına qaytarıb və ofşor şirkət ilə bağlanmış müqavilənin etibarsız sayılması üçün Krasnodarın Prikubanski rayon məhkəməsinə müraciət edib. Lakin o, saxta sənədlərdən istifadə edib və bu fakt üzə çıxıb. Nəticədə Novruzov xüsusilə böyük miqdarda dələduzluğa cəhd ittihamı ilə cinayət işinin fiqurantına çevrilib.
Baş Prokurorluq iddiada bildirib ki, Britaniya Virgin adaları Böyük Britaniyanın asılı ərazisidir və beləliklə, “dost olmayan ölkənin” rezidenti liman yaxınlığında yerləşən kritik əhəmiyyətli nəqliyyat infrastrukturuna malik terminala qanunsuz sahib olub.
Nəticədə “Dar Frut” MMC, “TMKP Müəssisəsi” MMC və “Temryuk dəniz yükləmə terminalı” MMC də dövlət mülkiyyətinə keçirilib. Aktivlərin ümumi dəyəri 691 milyon rublu ötür. (Lent.az)

Bizim.Media