Almaniya: Ukrayna birtərəfli ərazi güzəştlərinə getməyə məcbur edilməməlidir


Almaniya kansleri Fridrix Merz bildirib ki, Ukrayna birtərəfli ərazi güzəştlərinə məcbur edilməməli və özünü təcavüzə qarşı effektiv şəkildə müdafiə edə bilməlidir.

Turkustan.az xəbər verir ki, kansler Anqolanın paytaxtı Luandada keçirilən Avropa Birliyi–Afrika sammiti öncəsi təşkil olunan mətbuat konfransında ABŞ-ın Rusiya–Ukrayna müharibəsini bitirmək üçün hazırladığı 28 maddəlik “sülh planı” çərçivəsində Cenevrədə aparılan danışıqları dəyərləndirib.

O, səhər saatlarında digər Avropa ölkələrinin nümayəndələri ilə Ukrayna mövzusunda görüş keçirdiklərini və ölkədə bir an əvvəl atəşkəsin və davamlı sülhün bərqərar olmasını arzuladıqlarını deyib.

Kansler, “Avropa üçün təhlükəsizlik istədiklərini” vurğulayaraq, Avropanın maraqları və suverenliyinə dair məsələlərdə avropalıların razılığı olmadan Ukrayna üçün hər hansı sülh planının formalaşdırıla bilməyəcəyini qeyd edib.

Cenevrədəki danışıqları müsbət qiymətləndirən Merz, “Bəzi suallara aydınlıq gətirildi, lakin bilirik ki, Ukraynada sülhə bir gecədə nail olmaq mümkün deyil”, – ifadəsini işlədib.

O, Ukraynanın maraqlarının eyni zamanda Avropanın ortaq maraqları olduğunu, bu maraqları isə birlikdə və davamlı şəkildə qorumaq istədiklərini bildirib və əlavə edib:

“Bura Ukraynanın birtərəfli ərazi güzəştlərinə məcbur edilməməsinin təmin edilməsi də daxildir. Ukrayna gələcəkdə təcavüzdən effektiv şəkildə müdafiə oluna bilməlidir. Bunun üçün güclü silahlı qüvvələrə və tərəfdaşlarından möhkəm təhlükəsizlik təminatlarına ehtiyac var.”

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ