Quterreş Qəzzada atəşkəs razılaşmasını alqışladı: “Əzablara son qoyulmalıdır”


BMT-nin baş katibi Antonio Quterreş İsrail və HƏMAS arasında Qəzzada atəşkəs planının birinci mərhələsinin təsdiqini alqışlayıb.

Turkustan.az xəbər verir ki, Quterreş BMT Baş katibinin sözçüsü tərəfindən yayımlanan yazılı açıqlamada, "Prezident Donald Trampın təqdim etdiyi təklif əsasında Qəzzada atəşkəs və girovların azad edilməsi üçün əldə edilən razılaşmanın elanını alqışlayıram" dedi.

Quterreş ABŞ, Qətər, Misir və Türkiyənin razılaşmaya yönəlmiş diplomatik səylərini təqdir etdiyini vurğulayaraq, iştirak edən hər kəsi razılaşmanın şərtlərinə tam əməl etməyə çağırıb.

Bütün girovların azad edilməsi, daimi atəşkəs və Qəzzaya humanitar yardımların dərhal daxil olmasının vacibliyini vurğulayan Quterreş, “Əzablara son qoyulmalıdır” deyib.

Quterreş qeyd edib:

“Mən bütün maraqlı tərəfləri işğala son qoymaq, Fələstin xalqının öz müqəddəratını təyinetmə hüququnu tanımaq və İsrail və fələstinlilərə sülh və təhlükəsizlik şəraitində yaşamağa imkan verəcək iki dövlətli həllə nail olmaq üçün etibarlı siyasi yol yaratmaq üçün bu mühüm fürsətdən istifadə etməyə çağırıram”.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ