İnqilab Şirinli,
Beynəlxlaq Jurnalistlər Federasiyasının üzvü, politoloq
Qəbələ şəhərində "Regional Sülh və Təhlükəsizlik" mövzusunda keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə toplantısı bir sıra önəmli məqamlarla yadda qaldı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxışı zamanı təhlükəsizlik, hərbi və müdafiə sahəsində əməkdaşlığın artırılması zərurətini ön plana çəkməsi görüşə öz damğasını vurdu: "Bu gün sülh və təhlükəsizlik hər bir ölkənin inkişafı üçün əsas amildir. Dünyanın üzləşdiyi hazırkı geosiyasi və təhlükəsizlik çağırışları fonunda ötən il Şuşada qeyri-rəsmi Zirvə Görüşü zamanı qəbul edilmiş Qarabağ Bəyannaməsinə və bugünkü Zirvə Görüşünün "Regional sülh və təhlükəsizlik" mövzusuna uyğun olaraq, türk dövlətlərinin vahid güc mərkəzi kimi çıxış etməsi olduqca vacibdir. Ölkələrimiz arasında hərbi, müdafiə və təhlükəsizlik sahələrində geniş əməkdaşlığı nəzərə alaraq 2026-cı ildə Azərbaycanda Türk Dövlətləri Təşkilatına üzv ölkələrin birgə hərbi təliminin keçirilməsini təklif edirəm", Cənab Əliyev onu da bildirdi ki, TDT artıq yalnız əməkdaşlıq platforması deyil, beynəlxalq səviyyədə geosiyasi mərkəzlərdən biri halına gəlməkdədir.
12-ci Zirvə görüşünün əhəmiyyətinə ümumi baxış
Dünyada baş verən dinamik hərbi-siyasi proseslər fonunda XXI əsrin geosiyasi mənzərəsi yeni güc mərkəzlərinin formalaşmasını labüd edir. Qərb və Şərq arasında artan geostrateji rəqabət, enerji və kommunikasiya dəhlizləri uğrunda mübarizə, regionlararası qarşılıqlı asılılığın güclənməsi beynəlxalq münasibətlər sistemində yeni aktorların ön plana çıxmasını qaçılmaz edir. Bu reallıqlar kontekstində Türk Dövlətləri Təşkilatı (TDT) mərhələli şəkildə vahid siyasi, iqtisadi və mədəni güc mərkəzinə çevrilməkdədir.
Geosiyasi əsaslara söykənən yeni reallıqlar fonunda iqtisadi inteqrasiya
Türk dünyasının geniş coğrafiyası – Qafqazdan Mərkəzi (Orta) Asiyaya, Xəzər hövzəsindən Aralıq dənizinə qədər uzanan mühüm strateji mövqeyi TDT-nin geosiyasi imkanları ilə bərabər geosiyasi dəyərini də artırır. Bu coğrafiya həm strateji, həm enerji resursları, həm də nəqliyyat-tranzit imkanları baxımından dünyanın ən önəmli regionlarından biridir.
Azərbaycan, Türkiyə, Qazaxıstan və Özbəkistan kimi ölkələrin təşəbbüsləri nəticəsində Orta Dəhliz və Zəngəzur dəhlizi kimi layihələr Türk dövlətlərinin dünya çapındakı geoiqtisadi təsirini artırır. Bu da nəticə etibarı ilə iqtisadi əlaqələrin dərinləşməsini təmin edəcək. TDT çərçivəsində qəbul edilən 2022–2040-ci illəri əhatə edən “Türk Dünyası Baxış Sənədi” təşkilatın iqtisadi inteqrasiyasını da yeni mərhələyə çıxarır. Detallara diqqət yetirək:
-Ticarət dövriyyəsinin artırılması,
-Vahid gömrük və logistika sistemlərinin yaradılması,
-Yatırımların artırılması və təşviqi,
-Ortaq investisiya fondlarının təşkili və s.
Sadlanan istiqamətlərin sistemli və səmərəli idarə olunması təşkilatın iqtisadi dayanıqlığının təmin edilməsində mühüm rol oynayacaq.
Nəzərə alsaq ki, Türk Dövlətlər Təşkilatının ümumi ÜDM-i 2 trilyon ABŞ dollarını aşır,deməli, bu amil onların qlobal iqtisadi sistemdə əhəmiyyətli paya malik olduğunu göstərir.
Uğurlu siyasi həmrəylik və diplomatik koordinasiya
12-ci Zirvə görüşünün təhlili göstərir ki, son illərdə qlobal güclər arasında baş verən balans dəyişiklikləri və yaranan yeni siyasi reallıqlar fonunda TDT-nin vahid, həmçinin monolit diplomatik mövqeyi formalaşmaqdadır. Qazaxıstanın neytral siyasəti, Özbəkstanın və Qırğızıstanın iqtisadi-siyasi sahədəki aktivliyi, müşahidəçi statuslu Quzey Kipir Türk Cumhuriyyətinin və Macarıstanın türk dünyasına inteqrasiyası,Türkmənistanın “buzları əritməsi”, Azərbaycanın praqmatik, etibarlı və balanslı diplomatiyası, Türkiyənin regional liderliyi bu həmrəyliyi daha da gücləndirir.
Türk Dövlətləri Təşkilatının BMT, İƏT, ECO kimi beynəlxalq qurumlarla əməkdaşlığı təşkilatın beynəlxalq legitimliyini möhkəmləndirir.
Qədim tarixi köklərə söykənən mədəni dəyərlər yeni mərhələdə
Türk dünyasının ortaq dil, din, tarix və mədəniyyət dəyərləri TDT-nin ideoloji sütununu formalaşması üçün mühüm faktordur.Bu kontekstdən baxsaq,deyə bilərik ki,12-ci Zirvə görüşündə mədəni əlaqələrin inkişafı istiqamətində edilən çıxışlar “Türk dünyası – ortaq kökdən gələn gələcək” konsepsiyası çərçivəsində vahid mədəni məkan ideyasını reallaşdırılmasına da “yaşıl işıq” yandırdı.
Qəbələ Zirvə görüşü müştərək əməkdaşlığın müzakirə olunduğu platforma kimi Türk dünyasının zəngin folklorunu, ədəbiyyatını və milli ənənələrini mədəni diplomatiya vasitəsilə qorunaraq təbliğ olunmasını da gələcək strateji hədəflərin tərkib hissəsi kimi ortaya qoydu. Bu mənada Türk Dövlətləri Parlament Assambleyası (TÜRKPA), Beynəlxalq Türk Akademiyası, Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY), Türkiyə İnvestisiya Fondu, Türk Universitetlər Birliyi kimi qurumlar elmi və humanitar sahədə inteqrasiyanın mühüm elementləri kimi ön plana çıxıdı.
Qlobal rəqabət fonunda yeni və vahid güc mərkəzi
Rusiya–Qərb qarşıdurması, Çin–ABŞ rəqabəti və Yaxın Şərqdə güc mübarizəsi şəraitində TDT özünü müstəqil geosiyasi platforma kimi təqdim etmək imkanlarını artıq ortaya qoyub. Bu, təşkilata həm regional təhlükəsizliyin və sabitliyin təminatçısı, həm də qlobal dialoq üçün mühüm körpü rolunu qazandırır. Türk dövlətlərinin rəqəmsal gələcək, enerji, nəqliyyat və müdafiə sənayesi sahələrində əməkdaşlığı təşkilatın qlobal güc balansında çəkisini artırır. Proseslərin təhlili göstərir ki,Türk Dövlətləri Təşkilatı sadəcə mədəni-tarixi birlik deyil, strateji əməkdaşlıq platforması və müstəqil güc mərkəzi kimi formalaşır. Kürəsəl rəqabətin pik həddə çatdığı bir dövrdə TDT-nin birliyi və koordinasiyalı fəaliyyəti Türk dünyasını beynəlxalq arenada effetiv təsirə malik aktora çevirir.
Bir sözlə, qlobal rəqabət fonunda artıq Türk Dövlətləri Təşkilatının vahid güc mərkəzinə çevrilməsi qaçılmazdır. İlham Əliyevin bu amilə diqqət çəkməsi geopolitik və strateji hədəflər,eyni zamanda regional sülh, sabitlik və rifahın gücləndirilməsi baxımından uzaqgörən mühüm addım kimi dəyərləndirilməlidir.