İrəvanda adının nə qoyulmasından asılı olmayaraq, Ermənistan Baş naziri Nikol Paşinyanın razılaşdığı layihə Azərbaycan Prezidenti İlham Əliyevin tələb etdiyi Zəngəzur dəhlizidir.
Turkustan.az Teleqraf-a istinadən xəbər verir ki, bu barədə “Past” qəzeti məlumat yayıb.
Nəşr yazıb ki, Ermənistan Baş naziri yolun adı ilə bağlı Bakı ilə mübahisə etməyə çalışsa da, Azərbaycan lideri bu məsələdə güzəştsizdir.
Həmçinin mənbə qeyd edib ki, Nikol Paşinyan yol üzərində Bakının tələb etdiyi nəzarət üsulları ilə razılaşır:
“Baş nazir Bakının Azərbaycan vətəndaşlarının Naxçıvana və əks istiqamətə gedərkən Ermənistan sərhədçiləri ilə qarşılaşmamaları tələbini yerinə yetirmək üçün yollar axtarır və hətta həmin hissənin ekstraterritorial statusda olmasına hazırdır. Onun Əliyevdən xahiş etdiyi yeganə şey “Zəngəzur dəhlizi” ifadəsini işlətməyi dayandırmaqdır, amma Azərbaycan lideri bu məsələdə güzəştsizdir. İlham Əliyevin Türk Dövlətləri Təşkilatının Qəbələdə keçirilən sammitində verdiyi mesajlar da bunu göstərir”.
Məqalədə bildirilib ki, Nikol Paşinyan İlham Əliyevdən marşrutun “Tramp yolu” və ya TRIPP adlandırılmasını xahiş edir. Amma indiyədək istədiyi cavabı ala bilməyib.
“Lap Bakıda nə vaxtsa “Zəngəzur dəhlizi” sözü işlədilməsə belə, Ermənistan hökumətinin razılaşdığı layihə, hətta onu “Böyük Tiqran” adlandırsanız belə, bu, Əliyevin Zəngəzur dəhlizi layihəsidir”, – nəşr vurğulayıb.