Azərbaycanda əfv sərəncamları adətən əlamətdar günlərdə, xüsusi ilə də bayramlar ərəfəsində imzalanır. Bunun üçün isə bir neçə ay əvvəldən hazırlıqlar başlanılır. Əfvlə bağlı müraciət edən məhbuslardan, onların yaxınlarından ərizələr yığılır, Prezident yanında Əfv Məsələləri Komissiyasının iclasları keçirilir, müraciətlərə baxılır, siyahı tərtib olunur və dövlət başçısına təqdim edilir.
Qarşıdan isə 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il gəlir. Bu bayramlar münasibətilə əfv sərəncamı imzalana bilərmi?
Mövzu ilə bağlı “Yeni Sabah”a danışan Əfv Komissiyasının üzvü Rəşad Məcid bildirib ki, əfv sərəncamı adətən mart yaxud may aylarında imzalanır:
“Əfv sərəncamının nə zaman imzalnması Azərbaycan Prezidentinin müstəsna səlahiyyətində olan məsələdir. Adətən il ərzində əfv üçün fərdi müraciətlər olur. Buna Prezident Adminstrasiyasının Əfv Məsələləri sektorunda baxılır və qaydalara uyğun olub-olmadığı araşdırılır. Sonra isə Əfv Məsələləri Komissiyasının müzakirəsinə çıxarılır”.
Onun sözlərinə görə, komissiyanın işləri adətən yanvar ayından başlayır: “Müraciətlərə baxıldıqdan sonra, sənədlər cənab Prezidentə təqdim olunur. Adətən mart, bəzən isə may ayında əfv sərəncamı imzalanır. Güman ki, gələn il də bu cür prosedur olacaq”.
Dilarə Əliyeva adına Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri, hüquq müdafiəçisi Novella Cəfəroğlu isə qeyd edib ki, yanvar ayında əfv sərəncamı imzalana bilər:
“Biz də çox istəyərik ki, əfv sərəncamı imzalansın. Mən də eşitmişəm ki, yanvarda əfv olacaq. Bu il “Konstitusiya və Suverenlik ili”dir. Hesab edirəm ki, növbəti əfvə çox insanın adı düşəcək, daha çox insan ailəsinə qovuşacaq. Onların içərisində həbsdə olan ictimai-siyasi fəallar, jurnalistlər də ola bilər”.
N.Cəfəroğlunun sözlərinə görə, hüquq müdafiəçiləri, o cümlədən rəhbərlik etdiyi təşkilat əfvə düşəcək məhbusların siyahısını hazırlayıb Prezident Adminstrasiyasının Əfv Məsələləri sektoruna və kimissiyaya göndərir:
“Biz hər il əfv sərəncamından öncə tərtib etdiyimiz siyahıları komissiyaya göndəririk. Bu siyahıda vaxtilə ömürlük həbs cəzası alan OMON-çular və “Qaranquş batalyonu”nun keçmiş üzvləri də var. Biz istəyirik bu məhbuslar da azadlığa buraxılsın”.