Rusiya-Ukrayna davam edən müharibə daha təhlükəli hal almağa başlayıb. Belə ki, Ukraynaya məxsus pilotsuz uçuş aparatı Rusiyanın Voronej vilayətində yerləşən Novovoronej Atom Elektrik Stansiyasını hədəf alıb.
Məlumata görə, PUA “texniki vasitələrlə” zərərsizləşdirildikdən sonra 6-cı enerji blokunun soyuducu qülləsinə dəyib və partlayış baş verib.
Baş verən olay nəticəsində xəsarət alan və ciddi dağıntı olmayıb, yalnız qüllədə qaralma izləri müşahidə olunub.
Bildirilir ki, hücum stansiyanın əməliyyat təhlükəsizliyinə təsir göstərməyib, radiasiya səviyyəsi normaldır. AES-in 4 və 5-ci blokları işlək vəziyyətdədir, 7-ci blokda isə planlı təmir aparılır.
Qeyd edək ki, Novovoronej AES 1958-ci ildə istismara verilib və vilayətin əsas enerji mənbəyidir.
Xatırladaq ki, hücumdan bir neçə gün əvvəl Rusiya Prezidenti Vladimir Putin Kiyevi atom stansiyalarına zərbə vurmaqla hədələmişdi. Ötən həftə Rusiyanın zərbəsi nəticəsində Çernobıl AES-in enerji təchizatı müvəqqəti kəsilmişdi. Bu mənada Ukrayna dronlarının Novovoronej AES-nə hücumunu Putinin təhdidinə cavab kimi də dəyərləndirmək olar.
Bu isə təkcə münaqişə tərəfləri üçün yox, eyni zamanda bütün region üçün fəlakətli nəticələr doğura bilər.
Növbəti “Çernobıl” fəlakəti Rusiyada yaşanacaq?
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında politoloq Qabil Hüseynli Rusiyanın da “Çernobıl” fəlakəti yaşaya biləcəyini istisna etmədi:
“Fikrimcə, Moskvanın Ukraynadakı atom stansiyalarını vura biləcəyi məsələsini qaldırması ilk növbədə məhz Rusiyanın özünə ziyanlı effekt verəcək. Ukraynada cəmi 4 AES var, Rusiyada isə onların sayı 20-dən çoxdur. Belə olan halda Rusiyaya məxsus həmin atom elektrik stansiyalarının vurulmasının bu ölkəyə hansı fəlakətlər gətirə biləcəyini təsəvvür edin.
Üstəlik həmin AES-lərin vurulması Ukrayna üçün daha asandır. Çünki Kiyevin əlində olan dronlar hədəfi daha dəqiqliklə hədəfləri vura bilir”.