“Ulu öndər Heydər Əliyevin hakimiyyətə ikinci dəfə qayıdışından sonra, eyni zamanda Ali Baş Komandan cənab İlham Əliyevin on illər ərzində hakimiyyəti dövründə şəhidlər və onların ailələri ilə münasibətləri, şəhid fenomenini dövlət quruculuğunun ən toxunulmaz və müqəddəs əməlinə çevirməsi, ehtiram nümayiş etdirməsi, cənab İlham Əliyevi Vətən müharibəsinə gətirən mübarizə yolu və hər zaman onları Şuşa kimi müqəddəs tutması dünyaya məlum faktdır. Və bunlar qürur duyulacaq hadisələrdir. Belə olan şəraitdə parlamentdə sırf özümə məxsus – Zahid Oruc kimi millət vəkilinin konstitusion hüquqlarını ifadə edərək irəli sürdüyüm məsələ ətrafında bir-iki partiya nümayəndəsinin reaksiyalarını gördük. Ancaq çıxışımızda həqiqətənmi onların iddia etdikləri kimi şəhidlər xiyabanlarına giriş-çıxışın, ziyarətlərin hansısa portal üzərindən həyata keçirilməsi, qadağaların qoyulacağı, bu qüvvələrin xiyabanlardan məhrum ediləcəkləri kimi məsələlər var? Tamamilə küfr mövqelərdir. Bu sözləri deyənlərin fikirlərini açmaq istəyirəm. 1990-cı illərdə ilk müdafiəni, ərazilərimizin qorunmasını təşkil edən qəhrəman oğulların canı, qanı ilə apardıqları savaşı ayrı istiqamətə döndərib, onların bir neçəsinin nəşini Milli Məclis qarşısına gətirənləri, siyasi hakimiyyət uğrunda mübarizədə şəhidlərimizdən necə “yararlandıqlarını” görmüşük. Qarabağ məsələsi artıq onların proqramlarından, ideolojilərindən çıxıb, indi həmin qüvvələr bunun üzərində siyasi hekayələr tərtib edib, bunu iqtidar uğrundan davaya yönəltmək istəyirlər. Bu mümkün deyil”.
Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc deyib.
Z.Oruc bildirib ki, Ali Baş Komandan İlham Əliyev bütün qüvvələrin siyasi platformalarını həyata keçirir: “Bir qisim qüvvələr, doğrudan da, hədəfsiz qalıblar? İndi onlar üç turistin şəhidlərə qarşı qanunsuz və qeyri-etik davranışlarını başqa siyasi ampluada davam etdirirlər. Biz irəli sürdük ki, baxsınlar – ABŞ-nin memorial abidələrindən Britaniyaya qədər, yaxud Fransada müxtəlif ümumxalq ziyarətlərinə layiq görülən məkanlar var. Kütləvi aksiyalar harada məhz protest ruhunda, bizim başa düşdüyümüz etiraz mitinqləri qaydasında keçirilir? Belə nümunələr yoxdur. Bu adamlar manipulyasiya ilə şəhidləri bölərək, parçalayaraq, ictimai fikri çaşdıraraq, “hakimiyyət bizə nəyəsə imkan vermədi” deyərək yenə də şəhidlərin ruhunu istismar edirlər. Bu müqəddəs məsələdən öz mənfəətləri və maraqları üçün yararlanmağa çalışırlar. Bir daha deyirəm ki, şəhidlərin həyatının tez itirilməsində onların bir qisminin məsuliyyəti var. Bu adamların “portal” sözünü demələrinin əsasında sırf mina təhlükələrinə görə azad torpaqlarımıza kütləvi gediş istiqamətində müəyyən qədər atılan addımı belə ironiya hədəfinə çevirmələri dayanır. Bir nəfər mina qurbanının ailəsinin ziyarətində olmayan, kiçik yardım belə göstərməyən, hətta mənəvi cəhətdən onlarla bu ağrını paylaşmayan adamlar portalı hədəfə çevirirlər. Bunu bir simvol kimi əllərində qəzəb və nifrət ünvanına döndərirlər. Sabah cavab verirlərmi ki, o insanlar, doğrudan da, Kəlbəcərdən Zəngilana qədər olan ərazilərə gedib bir dəfə kənardan tamaşa etmədikləri yurd yerlərinə tamamilə maneəsiz getdikləri təqdirdə alacaqları xəsarətlərin, zərbənin ağrısını bölüşəcəklər, yaxud məsuliyyətini daşıyacaqlar? Xeyr. İfadələrimin içində “işğal partiyası” sözü yer almışdı. Biz “işğal partiyası” deyərkən 2020-ci ilin 26 sentyabr dövründə qalan, düşüncəsində qələbəmizi hələ həzm edə bilməyən, bunu prezidentlik uğrunda savaşda əllərindən çıxmış böyük ideoloji mövzu kimi sayanları nəzərdə tutmuşuq. Bundan narahatdırlar? Doğrudanmı özlərini işğal partiyası kimi aparırlar? İlham Əliyev qalib liderdir. Qalib partiyanın rəhbəridir. Bu sözlərim bütün dünya azərbaycanlılarına, bir neçə gün öncə, 12-ci Zirvə Görüşü olan Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasına, nəhayət, ədalət istəyən bütün dünya insanlarına məxsusdur. Bəs onda bu qüvvələr niyə narahatdırlar? Axı bunlar bütün məqamlarda milləti səfərbər edib onu uğura gətirən rəhbərin, liderin əleyhinə həmin xiyabanda etiraz şüarları səsləndirirlər. Böyük müsahibələr təşkil edirlər. Hansısa bir-iki adamın yanında dayanıb şəkil çəkdirib, bununla guya şəhidlərə və xiyabanlara ehtiram nümayiş etdirirlər”.
Z.Oruc haşiyəyə çıxaraq əlavə edib: “Əlbəttə ki, Bakının və Azərbaycanın bütün məkanlarında qanunvericilik üzrə etiraz tədbirləri üçün yer ayrılmasının hər zaman tərəfdarlarından biri olmuşam. Onsuz da qələbə dövründə o qüvvələrin hər hansı səbəbdən narazı düşən bir ovuc azsaylı tərəfdarlarından başqa kimsə ora gedəsi deyil. Lakin xiyabanlar qəti şəkildə heç bir qadağasız, tabusuz, portalsız həmişə millətimizin ziyarət etdiyi ünvan olacaq. Bizim danışdığımız məsələ şəhidlər xiyabanlarının hüquqi stasusunun müəyyənləşməsidir. Bu, bir beynəlxalq nümunədir. Subyektiv, sırf bizə məxsus olan təşəbbüsün ətrafında uzaqgedən məsələlər açmaq, belə nəticələr çıxarmaq... Əli Kərimlinin beş ildə pasportu olmayıb, xarici səfərlərə çıxmayıb, məqsədli təşkil edilmiş dairələr tərəfindən tədbirlərə qatılmayıb. Bu, anlaşılandır. Çünki 1990-cı illərdən ətrafında cinayət məsuliyyəti ilə bağlı məsələ var. Heç olmasa azad edilmiş torpaqları daxildə müşahidə edə, görə bilərdi, ziyarət edərdi. Bunu bacarmayan adamları aid olduqları mikro aləmdən, bir neçə kvadratlıq hücrələrdən, yaşadıqları fikir, düşüncə qəfəsindən çıxmağa çağırırıq. Dörd nümayəndəsi əleyhimizə bir neçə platformada kəskin iddialar və ittihamlar yağdırır. Adamlar həqiqətənmi bu qədər zəif demokratlardırlar. Axı onlar fikir azadlığının tərənnümçüsü kimi çıxış edirlər. Vətən müharibəsində qazandığımız qələbə günlərimizin hər günü bizim üçün yeni siyasi təqvimin müqəddəs günləridir. Məramımız şəhidlərimizin xatirəsini əbədiləşdirmək, hüquqi müstəvi verərək hər kəsin bununla hesablaşmaq istəyi idi. Mütləq olaraq xalqımızın əksəriyyəti hər hansı hüquq, qanunvericilik sistemini bilmədən də içərisində olan böyük ideallarla ehtiramını göstərir. Burada ikinci nə mövqe ola bilər ki? Bunun xaricində bir kimsənin Şəhidlər Xiyabanına gedişinə qadağa qoymaq kimi bir mövqe olmayıb. Öz düşüncələrini bu məsələdə yaymasınlar”.
O bildirib ki, şəhidlər xiyabanları, yaxud memorial komplekslər, o cümlədən müharibədə xalq və vətən uğrunda həyatını qurban edən insanların fərdi və ya digər ərazilərdə adının əbədiləşdirilməsi istiqamətində atılan addımlara dair dünya təcrübəsində xeyli nümunələr var: “Hər bir ölkə çalışır ki, öz qan yaddaşını qoruyub saxlasın. Bu eyni zamanda gələcək nəsli məhz vətənpərvərlik və yüksək milli ideallar uğrunda mübarizəyə kökləmək, xalq üçün savaşan insanların hekayələrini, igidlik salnamələrini qorumaq naminədir. Bu gün elektron platformalarda yüzlərlə nümunə görəcəksiniz. Hamısında bir məram birləşir – həmin məkanlara “milli yaddaş məkanları” adı vermək. Bunların qorunması üçün də müxtəlif hüquqi mexanizmlər formalaşdırılıb və məsələnin mənəvi kateqoriyada insanların öz iradəsinə buraxılması ilə məhdudlaşmır. Çünki həmin ərazilərdə hər hansı abadlıq tədbirləri, quruculuq işləri, oradakı simvollar, protokolların tərtibi ilə mühüm anım günlərində o ərazilərin ziyarəti, digər tərəfdən kütləvi tədbirlərin tənzimlənməsi, şagirdlərin, məktəblilərin, ali təhsil ocaqlarının, o cümlədən xüsusi fəaliyyət sahəsində olan insanların həmin ərazilərə baş çəkmələri, ziyarət etmələri fonunda bu məsələlərin yaxşı mənada tənzimləndiyini görürük. Məqsəd orada uyuyan insanların igidliyini, qəhrəmanlığını özündə ehtiva edən elektron və ya fiziki bələdçilərin yaradılmasıdır. Bu, daim oraya müraciət edən insanlara imkan verir ki, daha dolğun məlumatlar alsınlar və deyilən əməllər ötürülə bilsin. Medianın orada fəaliyyəti ilə bağlı müxtəlif tənzimləmə addımları da atılır. Bir sözlə, sadaladığımız məqamlar özündə bunu daşıyır ki, hər bir xalq onun üçün müqəddəs olan məkanlara əlahiddə, xüsusi diqqətini, hörmət və ehtiramını ifadə etməyə çalışır”.