Kaja Kallas: Aİ ölkələri arasında parçalanma Qəzza ilə bağlı tədbirləri əngəlləyir


Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaja Kallas bildirib ki, Aİ-yə üzv ölkələr arasında fikir ayrılıqları İsrailin Qəzzadakı hərəkətlərinə qarşı vahid və təsirli addım atılmasına mane olur.

Turkustan.az xəbər verir ki, Kallas bu fikirləri yay tətilindən sonra ilk dəfə toplanan Avropa Parlamentinin Baş Assambleyasında “Qırılma nöqtəsində Qəzza: AB-nin aclıqla mübarizə, məhbusların azad edilməsi və iki dövlətli həllə doğru irəliləmə ehtiyacı” adlı sessiyada səsləndirib.

Qəzza məsələsində Aİ-nin passivliyi və ikili standartlar tətbiq etməsi ilə bağlı tənqidlərə cavab verən Kallas qeyd edib ki, bu vəziyyət üzv dövlətlər arasında fikir birliyinin olmamasından qaynaqlanır. O bildirib ki, hazırda bəzi üzv ölkələr Fələstin Dövlətinin tanınması və İsrailə qarşı sanksiyalar tətbiq olunması istiqamətində fərdi təşəbbüslər göstərirlər.

Kallas həmçinin vurğulayıb ki, İsraillə imzalanmış Assosiasiya Sazişinin insan hüquqlarına uyğunluqla bağlı 2-ci maddəsi çərçivəsində, Hollandiya tərəfindən tələb edilən qiymətləndirmə prosesi davam edir:

“İsrail hökumətinə fəaliyyət planını dəyişdirmək üçün təzyiq göstərməyə yönəlmiş bir sıra mümkün variantlar – o cümlədən Horizon Europe proqramı ilə bağlı təkliflər – masadadır. Lakin bu addımların həyata keçirilməsi üçün üzv dövlətlər arasında hələ də kifayət qədər dəstək yoxdur.”

Kallas əlavə edib:

“Avropa dəyərlərini beynəlxalq səviyyədə müdafiə etmək bizim kollektiv məsuliyyətimizdir və bu, ortaq – yəni ‘Avropa’ – cavabı tələb edir. Öz tərəfimdən əmin ola bilərsiniz ki, bu istiqamətdə irəliləmək üçün bütün imkanları nəzərdən keçirirəm və bu yolda davam edəcəyəm. Seçimlərimiz açıqdır, amma İsrail hökumətinin davranışına necə təsir göstərmək barədə ortaq mövqe yoxdur.”

Sonda millət vəkillərinə müraciət edən Kallas belə deyib:

“Sizdən soruşuram: Daha nə edə bilərik? Mən inanıram ki, İsrail hökuməti ilə diplomatik səylərimizi davam etdirməliyik. Çünki danışmasaq, heç bir nəticə əldə edə bilmərik.”

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ