“Əgər bir şəxs işsizdirsə, sığorta haqqını haradan ödəməlidir?"
Baş nazirin keçmiş müavini, istiqlalçı millət vəkili Vahid Əhmədov “AzPolitika”-ya müsahibəsində gələn ilin dövlət büdcəsindən gözləntilərini açıqlayıb və sosial-iqtisadi, idarəetmə sahəsində islahatlarla bağlı fikirlərini bölüşüb.
Müsahibənin birinci hissəsini oxucularımıza təqdim edirik:
– Vahid müəllim, Milli Məclis 2026-cı ilin dövlət büdcəsini qəbul etdi. Builki büdcə ilə müqayisədə gəlirlərdə cüzi artım var, kəsir də 3 milyard manatdan bir az artıqdır. İlk dəfədir, büdcədə ciddi artım yoxdur, gəlirlərin əsas hissəsini təşkil edən neft-qazın dünya bazarındakı qiymətlərinin azalması da risklər yaradır. Sizcə, büdcənin gəlir proqnozları nə qədər realdır, gələn il hökumətin gözləntiləri və ümidləri nə dərəcədə doğrulacaq? İkincisi, hökumətin büdcədə müəyyən etdiyi prioritetlər ölkədəki real problemlərə nə qədər adekvatdır?
– Doğrudur, 2025-ci illə müqayisədə 2026-cı ilin büdcə gəlirlərində böyük artım nəzərə çarpmır. Baxmayaraq ki, millət vəkilləri tərəfindən müxtəlif təkliflər verilmişdi, hökumət ciddi artımlara getmədi. Yəni, cəmi 300 milyon manatlıq artım var ki, bu da böyük göstərici deyil. Həmçinin, büdcə kəsiri 3 milyard manatdan çoxdur. Bu da onu göstərir ki, büdcənin gəlir hissəsində ciddi problemlər mövcuddur. Əsas səbəblərdən biri neftin qiymətindəki dəyişkənlik və neft hasilatının azalmasıdır. Dünən Baş nazir Əli Əsədovun çıxışını dinlədim və orada prioritet istiqamətlər elan olundu. Mən də hesab edirəm ki, həmin istiqamətlər prioritet kimi müəyyən edilməli idi: Birinci növbədə müdafiə və təhlükəsizlik məsələləri, daha sonra isə büdcənin dayanıqlığının təmin edilməsi. Bunun ardınca səhiyyə və təhsil sahəsinə ayrılan vəsaitin artırılması, eləcə də sosial məsələlərin dəstəklənməsi prioritet kimi qeyd olundu. Qarabağda aparılan tikinti və bərpa işləri üçün də 3,5 milyard manat vəsait ayrılıb ki, bu da ölkə üçün əhəmiyyətlidir. Sosial layihələrə, sosial müavinətlərə ayrılan vəsait də artırılıb. Gələn il pensiya və orta aylıq əməkhaqqının artımı ilə bağlı təxminən 9,5 faiz rəqəmi səsləndirildi.
Burada əsas risk neftin qiyməti ilə bağlıdır. Gələn ilin dövlət büdcəsində neft 65 dollardan götürülüb. Mən müsahibələrimdə təklif etmişdim ki, qiymət 60 dollar səviyyəsində müəyyən edilsin. Çünki dünya bazarında qiymətlərin kəskin dəyişməsi büdcə gəlirlərinə birbaşa təsir göstərir. Mən inanmıram ki, neft 65 dollar səviyyəsində qala biləcək. ABŞ Prezidenti neftin qiymətini aşağı salmaq üçün ciddi səylər göstərir. Bunun əsas səbəbi Rusiyadır, bu ölkə neft satışından kifayət qədər gəlir əldə edir. Düzdür, ixrac müəyyən qədər azalıb, qazla bağlı da ciddi problemlər yaranıb. Məsələn, Avropa qərar qəbul edib ki, 2027-ci ildən etibarən Rusiyadan qaz idxal etməyəcək. Bu kimi amillər fonunda neftin qiymətində enmələr baş verə bilər. Buna görə də 65 dollar büdcə üçün riskli rəqəmdir.
- Cəmiyyətdə narahatlıq yaradan məsələlərdən biri işsizlərin icbari tibbi sığorta ödənişlərinə cəlb edilməsidir. Çünki Agentliyin büdcəsinə dövlət dəstəyi 900 milyon manat azaldılıb, tələb olunur ki, qeyri formal məşğul olanlar sığorta haqqını özləri ödəsin...
- Elə mən də işsizlərin sığorta ödənişi məsələsinə toxunmaq istəyirdim. Əgər bir şəxs işsizdirsə, o sığorta haqqını haradan ödəməlidir? Ola bilər ki, müəyyən vəsaiti var, amma həmin vəsait haradan daxil olub? Adam bəlkə tikintidə gündəlik işləyib, kiminsə həyətində işləyib 5–10 manat çörəkpulu qazanıb. Sonradan həmin məbləğdən sığorta haqqı tutmaq nə dərəcədə qanunauyğundur? Bu, çox ciddi məsələdir.
İkinci məsələ qeyri-leqal gəlirlərlə bağlıdır. Əgər kimsə qeyri-leqal işləyirsə, bunu sübut etmək lazımdır. Dövlət müəyyən kateqoriyalar üzrə əlavə ödəniş etmək istəyirsə, maliyyə məsələlərini də dəqiq araşdırmalıdır.
- Vahid müəllim, ən ciddi problemlərdən biri olan büdcə xərcləmələrinə nəzarət məsələsi parlamentdə qaldırılmır. Hökumət nümayəndələri də bu məsələnin üstündən keçirlər...
- Mən həmişə demişəm: büdcənin xərc hissəsi əsas problemdir. Büdcəyə nəzarət mexanizmləri çox güclü olmalıdır. Hesablama Palatası bu sahədə işləyir, Maliyyə Nazirliyinin xüsusi departamenti var, onlar da bu istiqamətdə fəaliyyət göstərirlər. Amma mən hesab edirəm ki, bu kifayət deyil. Çünki büdcənin xərclənməsi sahəsində elə ciddi problemlər var ki, korrupsiya və rüşvət halları artıq açıq şəkildə görünür. Bunun qarşısı mütləq alınmalıdır. İkincisi, əgər büdcənin gəlir hissəsində çətinliklər yaranırsa, neçə ildir deyilir ki, struktur islahatlarına ehtiyac var. Bu qədər geniş aparatın saxlanmasına artıq ehtiyac yoxdur.
- Cəmiyyətdə idarəetmə sahəsində ciddi islahatlarla bağlı gözləntilər var. Ölkənin maliyyə imkanlarının azalması da bu addımların atılmasını gündəmdə saxlayır. Siz bu islahatlarla bağlı nə gözləyirsiz?
- Biz Konstitusiya dəyişikliyini gözləyirdik, ilin sonuna çatmışıq, hələ referendumla bağlı heç bir addım yoxdur. Bu məsələlər gündəmdədir və həyata keçiriləcəyi təqdirdə Azərbaycanın iqtisadi göstəricilərində artım yaradar, büdcənin gəlir və xərc hissəsindəki problemlərin də qarşısını alar. Biz neçə illərdir deyirik ki, icra hakimiyyəti orqanlarının ləğvi məsələsinə baxılmalıdır. Hazırda 14 iqtisadi rayon var, üstəlik Naxçıvanda Prezidentin ayrıca xüsusi nümayəndəliyi fəaliyyət göstərir. Qarabağda da icra strukturları yaradılıb. Bu aparatların saxlanılması ciddi maliyyə yükü yaratmır. İqtisadi rayonların maliyyə məsələlərini mərkəzləşdirilmiş şəkildə həll etmək daha səmərəli olardı. Mənim yadımda qalıb, cənab Prezident icra başçılarını təyin edəndə daim deyirdi ki, çalışın rayonlara investisiya cəlb edin, yerli sahibkarlığı inkişaf etdirin. Amma nəticə nədir? Bu məsələ hələ də həll olunmayıb. Niyə? Nəyə görə? Son vaxtlar İqtisadiyyat naziri Mikayıl Cabbarovun fəaliyyəti diqqətimi çəkir. O, müxtəlif fondlarla, xüsusilə də ərəb ölkələri – Səudiyyə Ərəbistanı və Qətərlə danışıqlar aparır. Kifayət qədər iri həcmdə vəsaitin Azərbaycana qoyulması üçün hazırlıqlar gedir. Artıq bəzi layihələr üzrə müqavilələr imzalanıb və bu layihələrin məbləği 2 milyard dollara yaxındır. Bu cür böyük layihələri hazırlamaq, işlətmək lazımdır. Biz yalnız böyük şəhərləri nəzərdə tutmamalıyıq. Bakı, Sumqayıt, Mingəçevir, Gəncə kimi şəhərlərdə kifayət qədər investisiya qoyulub. Amma kənd rayonlarımızda vəziyyət ürəkaçan deyil. İnfrastruktur, sənaye, kənd təsərrüfatı və xidmət sahələrinə daha çox investisiya lazımdır.
- Prezident yeni təyin etdiyi icra başçılarını qəbul edəndə rayonlarda məşğulluq məsələsinin həllinin vacibliyini dedi. Hökumət də fərqindədir ki, kəndlərin boşalmasında başlıca amil işsizlikdir. Amma real addımlar hələ ki, yoxdur...
- Bu sirr deyil ki, rayonlarımızda, kəndlərdə iş yerləri çatışmır. Orada yeni iş yerlərinin açılması vacibdir ki, kəndlərdən rayon mərkəzlərinə və böyük şəhərlərə kütləvi axının qarşısı alınsın. Təəssüf ki, artıq bu proses başlayıb və kəndlərimiz tədricən boşalır. Bu isə ölkə üçün ciddi problemdir. Buna görə də kənd təsərrüfatı sahəsində məşğulluğu artırmaq, emal müəssisələri yaratmaq zəruridir. Məsələn, bir ay əvvəl pomidorun qiyməti bazarda 5–6 manat idisə, indi 2 manata düşüb. Niyə? Çünki ixracda problemlər yaranır. İxrac kanalları zəifdir, emal müəssisələri kifayət qədər deyil. Bu, təkcə pomidora aid deyil, digər kənd təsərrüfatı məhsullarında da illərdir eyni vəziyyət müşahidə olunur. Buna görə də bu sahəyə daha çox vəsait ayrılmalı, emal sənayesi genişləndirilməlidir.
Keçən il büdcə müzakirələri zamanı da qeyd olunmuşdu ki, çörək insanların əsas ehtiyaclarından biridir və taxıl istehsalının artırılması üçün dövlət əlavə vəsait ayırdı. Hazırda azad edilmiş ərazilərdə minlərlə hektarda taxıl, üzüm və digər məhsullar əkilir. Lakin bu sahənin daha da genişləndirilməsi və fermerlərin stimullaşdırılması vacibdir. Subsidiyaların artırılması, aşağı faizli kreditlərin verilməsi, Sahibkarlığın İnkişafı Fondunun kredit mexanizmlərinin sadələşdirilməsi əhəmiyyətlidir ki, sahibkarlar üçün bu proses daha əlçatan olsun.
- Bu günlərdə Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Milli Məclisdə bildirdi ki, minimum əmək haqqının 400 manata qaldırılması islahatların nəticəsidir. Doğrudanmı belədir?
- Minimum əməkhaqqının 130 manatdan 400 manata qədər artırılması tez-tez misal gətirilir. Amma bir məsələ unudulur: bu illər ərzində inflyasiya da artıb və manatın alıcılıq qabiliyyəti də xeyli aşağı düşüb. Əvvəllər 130 manatla mümkün olan bazarlığı indi 400 manatla etmək çətindir. Nazirlər çıxışlarında bunu nəzərə almalıdırlar. Ölkədə peşəkar iqtisadçılar kifayət qədərdir və onların fikirləri də dinlənməlidir. Büdcə qəbul edilsə də, xərcləmələrin əsas hissəsi adətən dördüncü rübdə həyata keçirilir. Bu isə prosesləri gecikdirir. Yanvar–fevral aylarında büdcənin açılmasında çətinlik yaranır və vəsaitlərin real dövriyyəyə daxil olması mart ayına qədər uzanır. Nəticədə müəssisələr ya dayanır, ya da borc və yüksək faizli kreditlə işləməyə məcbur olur.
- Vahid müəllim, ənənəvi narahatlıqlardan biri gələn il manatın dollara nisbətdə məznnəsinin dəyişib-dəyişməyəcəyi ilə bağlıdır. Proqnozunuz nədir?
- Əvvəla, inflyasiya ilə bağlı Mərkəzi Bankın apardığı düzgün siyasəti qeyd etmək lazımdır. Son illərdə Mərkəzi Bank manatın məzənnəsinin qorunması və inflyasiyanın cilovlanması üçün ciddi addımlar atır. Hesab edirəm ki, 2026-cı ildə manatın məzənnəsində ciddi dəyişiklik olmayacaq. Lakin daxili istehsal artmasa və ÜDM-də ciddi yüksəliş baş verməsə, 2027–2028-ci illərdə devalvasiya ehtimalı realdır. Çünki uzun müddət sabit məzənnəni qoruyub saxlamaq çətindir.
- Maraqlı məsələlərdən biri neft gəlirlərinin azalması fonunda Neft Fondundan büdcəyə transfertlərin də azaldılmasıdır. Məntiqlə hökumət daha çox pul ayırıb büdcədə artıma nail ola bilərdi, amma buna gedilmədi...
- Neft Fondundan transfertlərin azalması müsbət haldır. Dövlət başçısı da son çıxışlarında vurğulayır ki, bu vəsait strateji ehtiyatdır və qorunmalıdır. Dünyada siyasi proseslər çox sürətlə dəyişir və belə şəraitdə ehtiyatların saxlanması xüsusi əhəmiyyət daşıyır.
Azərbaycan–Ermənistan münasibətləri hazırda normal inkişaf edir və ciddi problem görünmür. Lakin gələcəkdə vəziyyətin necə dəyişəcəyini dəqiq proqnozlaşdırmaq mümkün deyil. Regionda Rusiya, İran kimi ölkələr siyasi proseslərə təsir göstərən əsas aktorlardır və bir sıra bu kimi ölkələr Azərbaycanın sürətli inkişafında maraqlı deyillər. Buna görə də Azərbaycan orduya böyük vəsait ayırır və təhlükəsizlik məsələsini əsas prioritet hesab edir. Müasir təhlükəsizlik mühiti sürətlə dəyişir, yeni silah sistemləri, o cümlədən süni intellektlə idarə olunan texnologiyalar meydana çıxır. Belə şəraitdə müdafiə və təhlükəsizlik xərclərinin artırılması tamamilə əsaslıdır.
- İdxalın həcmi sürətlə artır, neft gəlirlərinin azalması fonunda bu da ciddi risklər yaradır, çünki məhsul almağa hər il daha çox valyuta laımdır...
- Ümumilikdə dövlət büdcəsi risklərə baxmayaraq sabitdir. Neftdənkənar sektorun büdcədə payı artıq 60 faizi keçib ki, bu da müsbət tendensiyadır. Lakin idxalın strukturu diqqətlə analiz edilməlidir. Bu il Azərbaycan 3 milyard dollara yaxın ərzaq, ümumilikdə isə təxminən 16 milyard dollarlıq məhsul idxal edib. Əgər bəzi məhsulların istehsalı daxildə mümkün və iqtisadi cəhətdən sərfəlidirsə, onların idxaldan asılılığını azaltmaq lazımdır. Amma əlavə dəyər yaratmayan sahələrə vəsait yatırmaq da məqsədəuyğun deyil. Yada salım ki, Qazaxıstanda yaxın günlərdə böyük avtomobil zavodu istifadəyə veriləcək. Halbuki biz illər əvvəl Azərbaycanda “Mercedes” və BMW kimi brendlərin istehsal müəssisələrinin yaradılmasını təklif etmişdik. Azərbaycan vaxtilə neft maşınqayırması sahəsində dünyanın aparıcı ölkələrindən biri idi və məhsullarını ixrac edirdi. Bu gün həmin sənaye sahəsi demək olar ki, yoxdur və biz həmin məhsulları idxal edirik. Halbuki ölkədə ağır sənayeni inkişaf etdirmək üçün kifayət qədər mütəxəssis və potensial mövcuddur. Ağır sənayenin inkişafı həm iqtisadi gəlir gətirər, həm də strateji müstəqilliyi gücləndirər. Kənd təsərrüfatı isə həm ərzaq təhlükəsizliyi, həm də iqtisadi sabitlik baxımından xüsusi əhəmiyyət kəsb edir. Dünyada ərzaqla bağlı ciddi problemlər yaranır, su qıtlığı daha da dərinləşir. Məsələn, İran artıq su çatışmazlığı ilə üzləşib və hətta paytaxtın köçürülməsi müzakirə olunur. Xəzər dənizinin səviyyəsinin dəyişməsi də əlavə risklər yaradır. Belə bir şəraitdə Azərbaycanda kənd təsərrüfatında emal sənayesinin gücləndirilməsi xüsusi əhəmiyyət daşıyır. Bu sahənin inkişafı həm məhsul itkisini azaldar, həm də daxili bazarın tələbatını qarşılayar və ixrac imkanlarını genişləndirər.
- Vahid müəllim, hökumətin qeyri-neft sektoruna aid bəzi vergi güzəştlərini ləğv etməsi problemlər yarada bilər. Ekspertlərin bir qismi bildirir ki, bu addım müəssisələrdə ikili mühasibatlığa, ixtisarlara və digər mənfi tendensiyalara səbəb ola bilər. Onsuz da qeyri-neft sektorunda dəyər yaradan müəssisələrin sayı məhduddur, amma onların qarşısına yeni problemlər çıxarılır.
- Mən həmişə demişəm ki, Azərbaycanda struktur islahatlarına ehtiyac var. Bu qədər nazirlik, komitə və aparatın saxlanmasına lüzum yoxdur. Mövcud struktur sadəcə bürokratiya yaradır və xərcləri artırır. Struktur islahatı aparılsa, dövlət xərcləri ciddi dərəcədə azalacaq. O zaman nə sadələşdirilmiş vergi kimi sahələrə, nə də kiçik obyektlərdən əlavə vəsait toplamağa ehtiyac qalmaz.
Bu gün bir çox xırda sahibkarlıq subyektləri - 3-5 manat qazanan insanlar əlavə vergi yükündən şikayət edir. Halbuki əsl vergi potensialı iri dövriyyəsi olan sahələrdədir. Bu sahələr də qanuni şəkildə vergi ödəməlidir. Bu, iqtisadi ədalətin əsas prinsiplərindən biridir: mən işləyib vergi verirəmsə, digəri də verməlidir.
Vergi sisteminə gəlincə, Vergi Məcəlləsi artıq köhnəlib. Son illərdə məcəlləyə yüzlərlə dəyişiklik edilib. Artıq elə bir maddə qalmayıb ki, toxunulmasın. Buna görə də tamamilə yeni Vergi Məcəlləsinin hazırlanmasına ehtiyac var. Vergilərin sayı azaldılmalı, sistem sadələşdirilməli və şəffaflaşdırılmalıdır. Hazırda məcəllə o qədər qarmaqarışıqdır ki, ödəmələr sahəsində ciddi anlaşılmazlıqlar yaranır. Sosial sığorta üzrə də müəyyən problemlər mövcuddur. Mövcud şəraitdə 3 faizlə başlayan, artıq 7 faizə yaxınlaşdırılan ödənişlərin tədricən artırılması müzakirə olunur. Bu mexanizmlərin də sadələşdirilməsinə ehtiyac var. Qısası, vergi və idarəetmə sistemi köhnə modelin üzərində qurulub və ən azı 10 ildir ki, yeni yanaşmanın zəruriliyi gündəmdədir. Bu islahatlar həyata keçmədən, nə büdcənin dayanıqlığını təmin etmək, nə də qeyri-neft sektorunu real şəkildə inkişaf etdirmək mümkün olacaq. Biz büdcə ilə bağlı Büdcə Məcəlləsini qəbul etməliyik, eyni yanaşma vergi sahəsinə də tətbiq olunmalıdır. Vergi Məcəlləsinin yenidən yazılması çox vacib məsələdir. Bu zaman mövcud təcrübələrdən faydalanmaq lazımdır. Qonşu Gürcüstanın modeli, eləcə də Türkiyənin vergi sistemi bu sahədə yaxşı nümunələrdir. Əsl məqsəd iqtisadiyyatı elə qurmaqdır ki, insanlar vergi ödəməyə özləri maraqlı olsunlar və sistem könüllü vergi ödəməsini təşviq etsin.
(Davamı var)
Elçin Rüstəmli
Elvin Bəyməmmədli
"AzPolitika.info"