Birləşmiş Millətlər Təşkilatı (BMT), Ukraynada qarşıdakı 10 il üçün bərpa və yenidənqurma xərclərinin 524 milyard dollar olaraq qiymətləndirildiyini xatırladaraq, son günlərdə artan hücumlar səbəbilə bu yükün sürətlə artdığı barədə xəbərdarlıq edib.
Turkustan.az xəbər verir ki, Ukraynadakı vəziyyət BMT Təhlükəsizlik Şurasında (BMT TŞ) müzakirə olunub. İclas zamanı BMT baş katibinin Avropa, Mərkəzi Asiya və Amerika üzrə köməkçisi Miroslav Yença üzv dövlətlərə brifinq verərək bildirib ki, Ukraynada mülki əhali arasında itkilər son üç ilin ən yüksək səviyyəsinə çatıb. Yalnız bu ilin ilk yarısında 6 754 mülki şəxs həlak olub və ya yaralanıb.
Yença vurğulayıb ki, Rusiyanın Ukraynaya təcavüzü başlayandan bəri ən azı 13 580 mülki vətəndaş həyatını itirib, onların 716-sı uşaqdır. O, mülki şəxslərə və infrastruktura edilən hücumları qətiyyətlə pislədiklərini bildirərək, tərəfləri məsuliyyətli davranmağa çağırıb:
“Hər hansı bir nüvə hadisəsinin qarşısı nəyin bahasına olursa olsun alınmalıdır.”
Yença əlavə edib ki, Ukraynanın bərpası üçün nəzərdə tutulan 524 milyard dollarlıq xərc, son dövrlərdə yenidən intensivləşən hücumlar nəticəsində daha da arta bilər.
Aytən Yaşar/ Turkustan.az