Xorvatiya prezidenti Zoran Milanoviç Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən mədəni tədbirdə iştirak edərkən İsrail-İran münaqişəsi ilə bağlı açıqlamalar verib.
Turkustan.az xəbər verir ki, Milanoviç bunları deyib: "İsrail onilliklər ərzində etdiyi kimi, istədiyini edir. Bu, tamamilə aydındır. Siz belə bir dövlət və belə bir dövlət idarəsi ilə iş görməməlisiniz".
İsrailə baxışının Xorvatiya hökumətindən fərqli olduğunu vurğulayan prezident Milanoviç: "Hazırda İsraili cinayətkar dəstə idarə edir və bu dəstə dünyanı müharibəyə sürükləmək istəyir. Təəssüf ki, bunu edərkən Vaşinqtonun dəstəyini alırlar. Kimlərsə qlobal münaqişə yaratmaq istəyir. Bunu zorla, ABŞ-ın silahı ilə, hiyləsi ilə edirlər"-deyə, bildirib. Milanoviç əlavə edib ki, Xorvatiya Fələstin dövlətini tanımalıdır.
İsrailin siyasətlərinin açıq şəkildə müzakirə edilməli olduğunu vurğulayan Milanoviç: "Çünki 100 il əvvəl baş vermiş Holokostun məsuliyyəti mənə aid deyil. Bu, bugünkü Xorvatiya siyasətində heç kimə aid deyil. Ona görə də hər hansı bir aşağılıq kompleksi və ya günahkarlıq hissi ilə danışmağa ehtiyacımız yoxdur. İndiki İsrail administrasiyası günahkardır”.
Aytən Yaşar/ Turkustan.az