Paralimpiya Oyunları fiziki məhdudiyyətli idmançıların iştirak etdiyi beynəlxalq idman tədbiri olaraq, dünya miqyasında böyük əhəmiyyət daşıyan bir idman hərəkatıdır. Oyunlar həm idmanın inklüzivliyini təmin edir, həm də fiziki imkanları məhdud olan insanlara öz bacarıqlarını göstərmək üçün unikal bir platforma yaradır.
Bunu AZƏRTAC-a açıqlamasında fəlsəfə doktoru Cavanşir Feyziyev deyib.
Onun sözlərinə görə, cəmiyyətə dəyərli olmağa çalışan insanlara ilham verən Paralimpiya Oyunlarının yaranması İkinci Dünya müharibəsi illərinə təsadüf edir. Müharibədən sonra fiziki imkanları məhdud qazilər üçün tibbi reabilitasiya proqramlarının bir hissəsi olaraq idman terapiyasının əhəmiyyəti artmağa başladı. 1948-ci ildə İngiltərədəki Stok Mandevil xəstəxanasında çalışan neyrocərrah Ser Lyudviq Quttmann onurğa zədəsi olan müharibə qazilərinin fiziki və psixoloji reabilitasiyasını sürətləndirmək üçün idmanı müalicə prosesinə daxil etdi. O, idmanın bu qazilərə özlərinə inamı bərpa etməyə və cəmiyyətdə yenidən aktiv iştirakçı olmağa kömək edəcəyinə inanırdı.
“1948-ci ildə Quttmann ilk olaraq "Stok Mandevil Oyunları"nı təşkil etdi. Bu yarışlar yalnız onurğa zədəsi olan qazilər üçün nəzərdə tutulmuşdu və daha çox oxatma kimi idman növlərini əhatə edirdi. Oyunlar sürətlə inkişaf etdi və 1952-ci ildə Niderland komandası da yarışlara qatıldı. Bu, artıq beynəlxalq yarışların əsasının qoyulduğunu göstərirdi. 1960-cı ildə İtaliyanın paytaxtı Romada ilk rəsmi Paralimpiya Oyunları keçirildi. Bu oyunlar artıq beynəlxalq səviyyədə tanınır və yalnız onurğa zədəsi olan idmançıları deyil, həm də digər fiziki məhdudiyyətləri olan insanları bir araya gətirirdi. Romadakı bu oyunlardan sonra Paralimpiya Oyunları hər dörd ildən bir Olimpiya Oyunları ilə paralel şəkildə təşkil olunan, müxtəlif idman növlərini əhatə edən və daha çox ölkənin qatıldığı qlobal bir idman tədbirinə çevrildi. Fiziki məhdudiyyətli insanlara mənəvi dəstək kimi nəzərdə tutulduğu üçün bu oyunlar daha çox dəstəklənir və cəmiyyət tərəfindən rəğbətlə qarşılanır”, - deyə fəlsəfə doktoru bildirib.
O qeyd edib ki, Paralimpiya Oyunları təkcə idman yarışı deyil, həm də inklüzivliyin, bərabərliyin və insan hüquqlarının ön planda olduğunu ifadə edən bir hərəkatdır. Fiziki məhdudiyyətlərə malik olan insanlar üçün bu oyunlar özlərini dünyaya sübut etməyin bir yolu, həmçinin insanlara ilham verən əhəmiyyətli platformadır. 1996-cı ildə əsası qoyulan və Beynəlxalq Olimpiya Komitəsi tərəfindən tanınan Azərbaycan Milli Paralimpiya Komitəsi uzun illərdir ki, Paralimpiya oyunlarına idmanın müxtəlif sahələrində peşəkar idmançılar hazırlayır. 1996-cı ildən müstəqil bir dövlət kimi Paralimpiya oyunlarına qatılan Azərbaycan idmançıları bu illər ərzində ölkəmizə xeyli sayda qızıl, gümüş və bürünc medallar qazandırmış, dünyanın müxtəlif ölkələrində keçirilən mötəbər idman yarışlarında dəfələrlə üçrəngli bayrağımızı dalğalandırmışlar.
Daha bir Paralimpiya Oyunlarının geridə qaldığını diqqətə çatdıran C.Feyziyev əlavə edib: “Avqust 28-dən sentyabrın 8-dək Parisdə keçirilən XVII Yay Paralimpiya oyunlarında ölkəmiz 7 idman növü üzrə 18 idmançı ilə təmsil olundu. Dünyanın dörd ildən bir yaşadığı böyük idman festivalında Milli Paralimpiya Komandamızı parataekvondoçular Röyalə Fətəliyeva, Sabir Zeynalov, İmaməddin Xəlilov, Əbülfəz Abuzərli, paraüzgüçülər Könül Süleymanova, Raman Saley, Vəli İsrafilov, paracüdoçular Dürsədəf Kərimova, Xatirə İsmiyeva, İlham Zəkiyev, nüvə itələmə üzrə paraatletlər Rüfət Rəfiyev və Oloxan Musayev, uzunluğa tullanma üzrə Səid Nəcəfzadə və Orxan Aslanov, 100 metr məsafəyə qaçış üzrə Lamiyə Vəliyeva, atıcılıq üzrə Kamran Zeynalov və Aybəniz Babayeva, kamandan oxatma üzrə Cahan Musayev və pauerliftinq üzrə Ceyhun Mahmudov təmsil edərək müvafiq idman növlərində öz bacarıqlarını nümayiş etdirdilər. Nəticədə Azərbaycan təmsilçiləri Fransada keçirilən Paris-2024 Yay Paralimpiya Oyunlarını 4 qızıl, 2 gümüş, 5 bürünc olmaqla - 11 medalla başa vurdular.
Beynəlxalq arenada himnimizi səsləndirən, bayrağımızı dalğalandıran, ölkəmizi ləyaqətlə təmsil edən gənclərimizin bu nailiyyətlərini yüksək qiymətləndirən dövlətimizin başçısı, Azərbaycan Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev “İdmançılarımızın uğurlu çıxışları bunu bir daha göstərdi ki, biz gənc nəslimizlə haqlı olaraq fəxr edə bilərik!” – dedi və idmançılarımızın yarışlardakı mövqeyini və davranışlarını gəncliyimiz üçün nümunə hesab etdiyini bildirdi. Hər hansı fiziki məhdudiyyətlərinin olmasına rəğmən mənəvi cəhətdən sağlam, Vətənə bağlı, vətənpərvər və özünəinamlı bu gənclərin qazandıqları uğurların timsalında Prezident İlham Əliyevin apardığı gənclər və idman siyasətinin uğurları növbəti dəfə öz təsdiqini tapdı”.