Qurban Qurbanovun planı ilk oyundan üzə çıxdı - Davamı daha qorxulu olacaq


Dünən axşam “Qarabağ” UEFA Avropa Liqasındakı yeni yürüşünə inamlı və parlaq start verdi. İndiyə qədər 2 dəfə Çempionlar Liqası olmaqla avrokubokların qrup mərhələlərində 11 dəfə iştirak edən Ağdam təmsilçisi I təsnifat mərhələsinin ilk oyununda İslandiyanın “Vestri” klubunu 3:0 hesabı ilə məğlub edərək təkcə növbəti mərhələ yolunda ciddi üstünlük qazanmadı, həm də Avropa arenasında iddiasını bir daha elə ilk matçdan nümayiş etdirdi. Əfsanəvi baş məşqçimiz Qurban Qurbanovun komandası meydanda həm oyun keyfiyyəti, həm də nəticə baxımından rəqibinə heç bir şans tanımadı. Bu qələbə göstərdi ki, “Qarabağ” yeni mövsümə hazırdır və Avropa macərasını yenə böyük hədəflərlə başlayır.

b6bbbebad8502ffec59e43cebce09dc4.jpeg (296 KB)

Bu yolçuluq hara qədər gedəcək?

natiq-1.jpg (22 KB)

Tanınmış idman yazarı Natiq Muxtarlı Musavat.com-a deyib ki, “Vestri” ilə oyun yenilənmiş “Qarabağ” üçün ilk sınaq idi:

“Rəqib nisbətən zəif idi, üstəlik, ilk rəsmi oyun olduğu üçün yeni futbolçular haqda birmənalı fikir bildirmək çətindir. Amma bir şey dəqiqdir, Qurban Qurbanov öz oyun fəlsəfəsinə uyğun futbolçular transfer edib. “Vestri” ilə qarşılaşma da göstərdi ki, “Qarabağ”ın oyun fəlsəfəsi dəyişməyəcək. İlk rəsmi qarşılaşma olduğu üçün oyun planında çatışmazlıqlar hiss olunurdu. Hələ ki, xətlər arasında əlaqə istənilən səviyyədə deyil. Bu da anlaşılandır. Oyundan-oyuna “Qarabağ”ın oyun keyfiyyəti yüksələcək, bu birmənalıdır. Bunu demək olar ki, hər mövsümün əvvəlində müşahidə edirik. Bu baxımdan yanaşsaq, “Vestri” ilə oyunu “Qarabağ”ın üçün ilk “ciddi məşq” adlandıra bilərik. Komanda demək olar ki, aşırı güc sərf etmədən qalib gəldi. Amma köhnələrlə yenilərin meydanda bir-birini anlaması baxımından bu qarşılaşma əhəmiyyətlidir. İndi nəinki yenilər, hətta digərləri də optimal formada deyillər. Bu da normaldır. Rəsmi oyunlar bir-birini əvəz etdikcə, futbolçuların oyun keyfiyyəti artacaq. “Qarabağ”ın futbolçuları yüksək səviyyəlidirlər və bir-iki rəsmi oyundan sonra istənilən formanı əldə edəcəklər. Səfər oyununda bundan bir qədər də güclü “Qarabağ” görəcəyik. Optimal “Qarabağ”ı isə növbəti mərhələdə müşahidə edəcəyik. Yeni futbolçulara da məhz daha ciddi rəqiblə oyunda qiymət vermək mümkün olacaq.

Təbii ki, hər transfer uğurlu ola bilməz, “Qarabağ”ın da yeni transferlərinin hamısının uğurlu olacağını düşünmürəm. Ancaq görünən odur ki, heyətdə ciddi rəqabət yaranacaq. Rəqabətin olması digər futbolçuların da məsuliyyətini artıracaq. Hələ ötən mövsüm çempionluğu itirəndən sonra iddia etmişdim ki, bu, “Qarabağ”ın xeyrinə olacaq, biz növbəti mövsüm daha güclü komanda görəcəyik. “Vestri” ilə ilk oyun prosesin buna doğru getdiyini göstərir. “Qarabağ”, böyük ehtimalla, Avropa və ya Konfrans Liqasının qrup mərhələsinə vəsiqə qazanacaq. Güman edirəm ki, yeni avrokubok mövsümündə də “Qarabağ”ın yolu uzun olacaq. Ümumiyyətlə, komandalarımızın güclənməsi çempionatda rəqabətin artmasını şərtləndirəcək. Rəqabət isə inkişaf deməkdir. Məncə, bu mövsüm Azərbaycan avrokubokların qrup mərhələsində iki komanda ilə təmsil olunacaq. “Sabah”ın da orada olacağına inanıram. Bu, rəqabətin yaratdığı nəticədir. Sabitlik yaratmaqla bu strategiyanı inkişaf etdirmək lazımdır. Rəqabətədavamlı komandalarımız nə qədər çox olacaqsa, ölkədə futbol da bir o qədər sürətlə inkişaf edəcək”.


MANŞET XƏBƏRLƏRİ