Ukrayna ordusu Rusiyanın Krasnodar vilayətində yerləşən İlski neft emalı zavoduna pilotsuz uçuş aparatları ilə hücum edib.
Turkustan.az xəbər verir ki, hücum nəticəsində zavodda yanğın baş verib.
Gündəlik təxminən 140 min barel neft emalı gücünə malik olan İlski zavodu daha əvvəl də Ukraynanın hücumlarına məruz qalıb.
Ukrayna eyni zamanda Rostov vilayətinin Taqanroq şəhərini də hədəfə alıb. Vilayət qubernatoru Yuri Slyusar iki yanacaq anbarında və Taqanroq dəniz limanında baş vermiş yanğınların söndürüldüyünü açıqlayıb.
Taqanroq meri Svetlana Kambulovanın sözlərinə görə, hücumdan sonra hədəf ərazilərdə yaşayan sakinlər təxliyə edilib. Bir yaşayış evinə ziyan dəyib, inzibati binanın damında isə yanğın baş verib. İlkin məlumata əsasən, ölən və ya yaralanan olmayıb.
Rusiya Müdafiə Nazirliyi gecə ərzində hava hücumundan müdafiə sistemlərinin 376 Ukrayna pilotsuz uçuş aparatını vurduğunu bildirib.
Bu arada, Ukraynanın son aylarda Rusiyanın neft emalı obyektlərinə endirdiyi zərbələrin bəzi bölgələrdə yanacaq təchizatına təsir göstərdiyi, yanacaqdoldurma məntəqələrində növbələrin yarandığı və qiymətlərin artdığı bildirilir.
Aytən Yaşar/ Turkustan.az