İslandiyanın gənc baş naziri Türkiyədə gündəm oldu


Ankarada keçirilən NATO Liderlər Zirvəsində iştirak edən İslandiyanın Baş naziri Kristrún Frostadóttir Türkiyədə diqqət mərkəzinə çevrilib.

Turkustan.az xəbər verir ki, zirvə çərçivəsində Ankara qalasını ziyarət edən Frostadóttir Türkiyədən ayrılmazdan əvvəl sosial media hesabında paylaşım edərək NATO-nun transformasiya prosesinə diqqət çəkib. O, İslandiyanın etibarlı müttəfiq kimi Alyansa töhfə verməyə davam edəcəyini bildirib, sammitdə güclü həmrəylik nümayiş olunduğunu vurğulayıb və ölkəsinin maraqlarını qorumaq üçün müttəfiqlərlə sıx əməkdaşlığın vacibliyini qeyd edib.

Baş nazirin paylaşımı Türkiyə sosial media istifadəçiləri arasında geniş maraq doğurub. Minlərlə istifadəçi ona dəstək və rəğbət ifadə edən şərhlər yazıb. NATO Zirvəsindən sonra Frostadóttirin sosial media hesablarında izləyici sayı 30 mindən çox artıb, paylaşımlarının bəyənmə sayı isə təxminən 40 minə yüksəlib.

1988-ci il təvəllüdlü Kristrún Frostadóttir 2024-cü ilin dekabrında vəzifəyə başlayaraq İslandiya tarixinin ən gənc baş naziri olub.

İqtisadçı olan Frostadóttir siyasətə 2021-ci ildə qoşulub. Bundan əvvəl iqtisadi jurnalistika sahəsində çalışıb, həmçinin Morgan Stanley, İslandiya Ticarət Palatası və Kvika Bankında müxtəlif vəzifələrdə işləyib. Partiyasının lideri seçildikdən sonra 2024-cü il parlament seçkilərində qələbə qazanaraq koalisiya hökuməti formalaşdırıb və baş nazir vəzifəsinə başlayıb.

İki uşaq anası olan Frostadóttir gənc yaşı və iqtisadi sahədəki təcrübəsi ilə Avropanın yüksələn siyasi simalarından biri kimi qiymətləndirilir.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ