Bu ölkədə dəhşətli yanğın: 11 nəfər həyatını itirdi


İspaniyanın Əndəlüs bölgəsində yerləşən Los Gallardosda baş verən meşə yanğınında azı 11 nəfər həyatını itirib.

Turkustan.az xəbər verir ki, Jandarma və mülki müdafiə qurumlarının məlumatına görə, yanğın ərazisində üç yanmış avtomobildə bir nəfərin cəsədi aşkarlanıb. Bundan əlavə, Bedar şəhərinə gedən yolun yaxınlığında daha səkkiz yanmış cəsəd tapılıb.

Mərhumların şəxsiyyətinin müəyyənləşdirilməsi üçün işlər aparılır. Böyük fəlakətlər üzrə ixtisaslaşmış məhkəmə-tibbi ekspertiza qrupu hadisə yerində araşdırmalara başlayıb.

Rəsmilər Los Gallardos yanğınını İspaniya tarixinin ən faciəli meşə yanğınlarından biri kimi qiymətləndirib. Hadisə nəticəsində ölənlərin sayının 2005-ci ildə Qvadalaxaranın Riba de Saeliçes bölgəsində baş verən və 11 nəfərin ölümü ilə nəticələnən yanğınla eyni səviyyədə olduğu bildirilib.

Əndəlüs muxtar hökuməti yanğın səbəbindən Los Gallardos bölgəsindən təxminən 1400 nəfərin təhlükəsizlik məqsədilə təxliyə edildiyini açıqlayıb. Hərbi Təcili Yardım Bölməsi (UME) isə 70 texnika və 200 nəfərlik heyətlə yanğınsöndürmə əməliyyatlarına cəlb olunub.

Bölgədə, həmçinin Malaqa ətrafı və Almeriyada davam edən meşə yanğınlarının qarşısının alınması üçün qurudan və havadan mübarizə tədbirləri davam etdirilir.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ