Əmr Ərdoğandan gəldi! Türkiyədə saxlanılanlar var


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın qanunsuz mərc oyunları, onlayn qumar və dələduzluq şəbəkələrinə qarşı qətiyyətli mübarizə aparılacağını bəyan etməsindən sonra Türkiyədə bu istiqamətdə əməliyyatlar davam edir.

Turkustan.az xəbər verir ki, bu çərçivədə İstanbul Baş Prokurorluğunun Terrorizmin Maliyyələşdirilməsi və Çirkli Pulların Yuyulması Cinayətlərinin İstintaq Bürosunun koordinasiyası ilə Kiber Cinayətlər İdarəsi və İstanbul İl Polis İdarəsinin Kiber Cinayətlər Şöbəsi genişmiqyaslı əməliyyat keçirib.

"Cinayət törətmək məqsədilə təşkilat yaratmaq", "qanunsuz mərc oyunlarının təşkili", "informasiya sistemlərindən istifadə etməklə ağırlaşdırılmış dələduzluq", "rüşvətxorluq" və "cinayət yolu ilə əldə edilmiş vəsaitlərin leqallaşdırılması" ittihamları üzrə aparılan istintaq çərçivəsində 68 şübhəli saxlanılıb.

İstintaq zamanı MASAK-ın hesabatları, texniki və fiziki müşahidələr, bank əməliyyatları, rəqəmsal materiallar, kriptoaktivlər və HTS qeydlərinin təhlili nəticəsində şübhəlilərin mütəşəkkil cinayətkar qrup kimi fəaliyyət göstərdiyi müəyyən edilib.

Araşdırmaya əsasən, şübhəlilər elektron pul təşkilatları vasitəsilə əldə olunan vəsaiti müxtəlif bank hesablarına köçürüb, daha sonra isə həmin məbləğin böyük hissəsini kriptovalyuta xidməti təminatçılarına yönləndiriblər.

Bank qeydlərinə görə, ümumilikdə 100 min 25 əməliyyat həyata keçirilib və pul dövriyyəsinin həcmi 76 milyard 284 milyon 877 min 311 türk lirəsi təşkil edib.

İstintaq həmçinin göstərib ki, kriptovalyuta platformalarına köçürülən vəsaitlərin əhəmiyyətli hissəsi izlərin itirilməsi məqsədilə USDT-yə çevrilərək xarici elektron cüzdanlara göndərilib.

Pul köçürmələrinin təyinat hissəsində qanunsuz mərc və qumar fəaliyyətləri ilə bağlı ifadələrin yer aldığı, maliyyə axınlarının əsasən bu fəaliyyətlərdən əldə edilən gəlirlərdən formalaşdığı müəyyən olunub.

Saxlanılan 68 nəfər ifadələrinin alınması və istintaq tədbirlərinin davam etdirilməsi üçün İstanbul Kiber Cinayətlər İdarəsinə aparılıb.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ