Borçalıdan Turana - Bayram Yusifov şəxsiyyəti ilə tanışlığımızın tarixcəsi


Bu yaxınlarda Azərbaycan ordusunun tarixi qələbəsinə həsr olunmuş marş dinlədim. Sözləri şanlı Zəfərimizdən ilhamlanaraq gələcəyə verilən mesaj idi:

Haydı, çatıb zamanı,

Yarat böyük Turanı!

Mahnı bitər-bitməz müəllifi ilə maraqlandım – Bayram Yusifov.

Öncə qeyd edim ki, Prezident İlham Əliyevin müzəffər Ali Baş Komandanlığı ilə Azərbaycan ordusunun qazandığı tarixi zəfər, 44 gün ərzində 30 il işğalda inildəyən torpaqlarımızın azad edilməsi, ardınca, antiterror əməliyyatı ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin tam təmin olunması haqqına hələ yetərli ədəbi, bədii əsərlər yetərincə ortaya qoyulmayıb. Baxmayaraq ki, o şanlı günlərdən və qələbədən dörd ilə yaxın vaxt keçir.

Zəfər tariximizin və tarixi nailiyyətimizin mədəniyyət nümunələri ilə dəyərləndirilməsi bu gün və gələcək nəsillər üçün olduqca vacibdir. Bu, daha çox strateji hədəfli bir mədəni xəttdir.

Zəfər tarixinin təbliğinin cəmiyyətlər üçün nə dərəcədə əhəmiyyətli olduğunu, heç uzağa getmədən, SSRİ dövründə “Böyük Vətən müharibəsi”, “faşizm üzərində şanlı qələbə” mövzusunda yazılmış saysız hesabsız əsərlərdə, marşlarda, filmlərdə, rəsimlərdə və s. görmüşük. Onillərlə nəsillər bu ruhda böyüyüb, böyüklük kompleksi ilə yaşayıb. Daha bir örnək - qardaş Türkiyənin Çanaqqala savaşında və İstiqlal savaşında qazandığı zəfərlərin milli ideologiya səviyyəsində təbliğini qeyd edə bilərik. Bugünkü Türkiyə cəmiyyətini, Türk insanını digər cəmiyyət və insanlardan müsbət mənada fərqləndirən keyfiyyətləri formalaşdıran da məhz qələbə ruhu, bu ruhu aşılayan kəsintisiz təbliğatdır. Həm də, bayağı yox, təsirli...

Bu baxımdan, bəhs etdiyim marşı - Bayram Yusifovun Qələbəmizdən sonrakı illərdə deyil, məhz savaş günlərində yazması, inamla yazması həm diqqətçəkən, həm də təqdir olunası haldır. Musiqisi və ifası istedadlı müğənni, Əməkdar artist Abbas Bağırova aid “Zəfər marşı”nı Bayram müəllim həmin gərgin günlərdə, torpaqlarımızın kənd-kənd azad olunduğu, şəhid xəbərlərinin gəldiyi, haqq savaşı aparan Azərbaycanın dünyanın məkirli informasiya mərkəzləri ilə üz-üzə qaldığı, müxtəlif mərkəzlərdən təhdidlər aldığı günlərdə yazıb. Haqq savaşının mütləq Zəfərlə bitəcəyinə, bu Zəfərin iki qardaş dövlətin – Azərbaycan və Türkiyənin birliyini daha da möhkəmləndirəcəyinə olan dərin bir inamla yazıb.

Açıklama yok.

Hər şey gözlənildiyi kimi oldu, qazanılan Zəfərimiz də, güclənən birliyimiz də, bu birlikdən Turana açılan yolumuz da...

10 dekabr 2020-ci ildə Bakıda keçirilən Zəfər paradında Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğana xitabla deyirdi: “Bu gün tarixi bir gündür. Bu gün Azadlıq meydanında Zəfər paradı keçirilir. Mən çox şadam ki, bu paradda mənim dəvətimi qəbul edərək Türkiyə Cümhuriyyətinin Cümhurbaşqanı, əziz qardaşım Rəcəb Tayyib Ərdoğan iştirak edir. Eyni zamanda, Türkiyədən gəlmiş böyük nümayəndə heyəti, türk əsgər və zabitləri iştirak edirlər. Bu, bir daha bizim birliyimizi, dostluğumuzu və qardaşlığımızı göstərir. Vətən müharibəsinin ilk günlərindən, daha doğrusu, ilk saatlarından biz Türkiyənin dəstəyini hiss edirdik. Türkiyənin Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan ilk saatlardan Azərbaycanın haqq işinə öz dəstəyini verdi. Onun açıq, birmənalı və sərt açıqlamaları Azərbaycan xalqını çox sevindirdi. Mənim qardaşım demişdir ki, bu müharibədə Azərbaycan haqlıdır, demişdir ki, Azərbaycan tək deyil və Türkiyə hər zaman Azərbaycanın yanındadır. Bu, birliyimizin, qardaşlığımızın təzahürüdür. Türkiyənin Azərbaycana verdiyi siyasi və mənəvi dəstək hər bir Azərbaycan vətəndaşını qürurlandırır, sevindirir. Bu gün biz birlikdə Zəfər paradında iştirak edərkən, bir daha bizim birliyimizi həm xalqlarımıza, eyni zamanda, bütün dünyaya göstərir...”.

Yaxud, bu il, fevralın 14-də keçirilən andiçmə mərasimində Prezident İlham Əliyevin elan etdiyi prioritet bütün Türk dünyasında böyük əks-sədaya və hərəkətlənməyə səbəb oldu. Prezident deyirdi: “...İlk növbədə, Türk Dövlətləri Təşkilatı çərçivəsində səylərimizi davam etdirəcəyik. Bu, bizim üçün prioritetdir, mən bunu açıq demək istəyirəm, yəqin ki, indi aparılan siyasət də hər kəsə bunu aydın göstərir. Bu, bizim üçün əsas beynəlxalq təşkilatdır, çünki bu, bizim ailəmizdir. Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır. Əgər kimsə hesab edir ki, biz başqa yerdə ailə axtarmalıyıq, deyə bilərəm ki, bizi heç yerdə gözləmirlər və bunu artıq gizlətmirlər...Bizim ailəmiz Türk dünyasıdır. Biz özümüzü çox yaxşı hiss edirik. Türk Dövlətləri Təşkilatına üzv olan bütün ölkələrlə qardaşlıq münasibətlərimiz var və bizim siyasətimiz Türk Dövlətləri Təşkilatını gücləndirməkdir. Bu, böyük coğrafiyadır, böyük ərazidir, böyük hərbi gücdür, böyük iqtisadiyyatdır, təbii sərvətlərdir, nəqliyyat yollarıdır, gənc əhalidir, artan əhalidir və bir soydan, kökdən olan xalqlardır. Bundan güclü birlik ola bilərmi? Əlbəttə ki, yox. Biz müştərək səylərlə elə etməliyik ki, Türk Dövlətləri Təşkilatı qlobal arenada önəmli aktora və güc mərkəzinə çevrilsin. Buna biz ancaq birlikdə nail ola bilərik”.

Bayram Yusifovun məfkurə olaraq daşıdığı və misra olaraq marşa dönmüş “Haydı, çatıb zamanı, Yarat böyük Turanı!” çağırışı bu gün ən ali səviyyədə elan olunan Azərbaycan dövlətinin xarici siyasətinin əsas prioriteti ilə səsləşir.

Əlbəttə, bu düşüncə bir tarixi məfkurəyə, ənənəyə söykənir. Dahi Hüseyn Cavidin “Turana qılıncdan daha kəskin, ulu qüvvət, Yalnız mədəniyyət, mədəniyyət, mədəniyyət” deyiminə, ölməz Cəfər Cabbarlının “O gün olsun bir göy bayraq Turan üstə açılsın!” inamına.

Açıklama yok.

Uzun illərdir Azərbaycan Ağsaqqalar Şurasının sədr müavini kimi fəaliyyət göstərən Bayram Yusifovun ictimai fəaliyyətində də Türk dövlətləri arasında inteqrasiya, Türk dünyasının birliyi əsas aparıcı xətt olub. Türk Dövlətləri Təşkilatı Ağsaqqallar Şurasının aktiv simalarından biri kimi Bayram müəllimin təşəbbüskarlığı, təşkilatçılığı, qarşıdakı məqsədlərə çatmaq yoluna önəmli addımlardır.

Bu yaxınlarda “Zəfər marşı” haqqında fikirlərimi bölüşdüyüm bir ortaq dostumuz Bayram Yusifovla əyani tanışlığımıza vəsilə oldu. Bayram müəllimin 60 illiyinə həsr olunmuş, tanınmış şəxslərin fikirlərinin toplandığı “Bir ömrün missiyası: Vətənə, xalqa, dövlətə, sədaqət...” adlı kitabı öz imzası ilə əldə etmək fürsətimiz də oldu.

Ulu Borçalıdan qanadlanan Bayram Yusifov, bu gün təbliğ etdiyi Turan düçüncəsi ilə həm də gəncliyə bir örnəkdir.

Turan yolumuz yaxın olsun!

Aqil Camal

“Türküstan” Media Qrupunun baş redaktoru


MANŞET XƏBƏRLƏRİ