İstehlak bazarında yeni mərhələ: yağ və geyim məhsullarına təhlükəsizlik tələbləri sərtləşdirilir


Sürtkü yağlarından geyim məhsullarınadək: qeyri-qida mallarının təhlükəsizliyi ilə bağlı yeni texniki reqlamentlər hazırlanır

Turkustan.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin şöbə müdiri qeyri-qida istehlak mallarının təhlükəsizliyi ilə bağlı hazırlanmış yeni texniki reqlamentlər barədə məlumat verib.

Şöbə müdiri bu barədə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin təşkil etdiyi **“Qeyri-qida istehlak mallarının təhlükəsizliyi”** adlı təlimdə danışıb.

Bildirilib ki, hazırda sürtkü materialları, yağlar və xüsusi mayelərin, eləcə də yüngül sənaye məhsullarının təhlükəsizliyinə dair texniki reqlament layihələri hazırlanıb.

Sürtkü materialları, yağlar və xüsusi mayələrin təhlükəsizliyi ilə bağlı texniki reqlament mühərrik yağları, mineral yağlar, transmissiya yağları və digər müvafiq məhsulları əhatə edir. Sənəddə həmin məhsulların təhlükəsizlik tələbləri, etiketlənməsi, istehlakçıya təqdim olunan məlumatların düzgünlüyü və uyğunluğun qiymətləndirilməsi məsələləri nəzərdə tutulur.

Yüngül sənaye məhsullarının təhlükəsizliyinə dair texniki reqlament isə tekstil və tekstil məmulatlarını, dəri məmulatlarını, maşın üsulu ilə hazırlanmış ayaqqabı və digər məhsulları əhatə edir.

Qeyd olunub ki, bu reqlamentlər vasitəsilə məhsulların təhlükəsizlik göstəricilərinə dair tələblərin müəyyənləşdirilməsi, istehlakçıların sağlamlığının və hüquqlarının qorunması, eləcə də bazara çıxarılan məhsulların təhlükəsizliyinin qiymətləndirilməsi nəzərdə tutulur.

Texniki reqlamentlərin tətbiqi qeyri-qida istehlak mallarının təhlükəsizliyinə nəzarət mexanizmlərinin təkmilləşdirilməsinə xidmət edəcək.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ