Əvvəllər insan dərdini danışmaq üçün dostunu, sevdiyi insanı və tanışını axtarırdı. Lakin müasir dövrümüzdə insanlar bu məqsədlə daha çox süni intellekt botlarına üz tuturlar. Süni intellekt botları həm insanı dinləyir, həm də onunla dərdləşir. Həmçinin Al botları ilə günün istənilən saatında danışmaq mümkündür.
Psixologiya üzrə fəlsəfə doktoru Lamiyə Qurbanova bu barədə Bakıvaxtı.az-a danışıb.
Onun sözlərinə görə, süni intellekt insanın tənhalığını həm azalda, həm də müəyyən hallarda onun yeni formasını yarada bilər. Burada əsas məsələ texnologiyanın mövcudluğu deyil, insanın ondan hansı məqsədlə və necə istifadə etməsidir:
"İlk növbədə, tənhalığın psixoloji mahiyyətini düzgün anlamaq lazımdır. Tənhalıq sadəcə insanın ətrafında heç kimin olmaması demək deyil. İnsan ailəsi, dostları, həmkarları arasında olduğu halda da özünü tənha hiss edə bilər. Psixologiyada bu vəziyyət daha çox insanın arzuladığı sosial və emosional yaxınlıqla real münasibətləri arasındakı fərqlə əlaqələndirilir. Tənhalıq insanların sayından deyil, münasibətlərin keyfiyyətindən də asılıdır. Məhz bu nöqtədə süni intellekt müəyyən üstünlüklər təqdim edir. Aİ botu insanın istənilən vaxt müraciət edə biləcəyi, onu dinləyən, suallarına cavab verən və fikirlərini ifadə etməsinə şərait yaradan rəqəmsal ünsiyyət vasitəsidir".
Psixoloq vurğulayıb ki, xüsusilə sosial münasibətlər qurmaqda çətinlik çəkən, yaxınlarından kifayət qədər emosional dəstək ala bilməyən, yaşlılıq dövründə sosial təcrid yaşayan və ya müvəqqəti tənhalıq hiss edən insanlar üçün belə ünsiyyət müəyyən rahatlıq yarada bilər.
"Məslən, öz problemlərini başqaları ilə bölüşməkdən çəkinən bir insan Aİ ilə ünsiyyət zamanı fikirlərini daha sərbəst ifadə edə bilər. O, mühakimə olunmaq qorxusu yaşamadan narahatlıqlarını dilə gətirə, öz emosiyalarını təhlil edə və müəyyən mənada psixoloji rahatlıq əldə edə bilər. Bu baxımdan, süni intellekt bəzən insanın emosional gərginliyini azaltmağa kömək edən ilkin dəstək vasitəsinə çevrilir. Lakin məsələnin daha mürəkkəb tərəfi də var. İnsan sosial varlıqdır və onun psixoloji sağlamlığı üçün yalnız danışmaq deyil, qarşılıqlı münasibət qurmaq, sevilmək, qəbul olunmaq, toxunmaq, paylaşmaq və real emosional əlaqələr yaşamaq da vacibdir", - deyə müsahibimiz bildirib.
L. Qurbanova hesab edir ki, süni intellekt ehtiyacların bəzilərini ünsiyyət səviyyəsində qismən qarşılasa da, canlı insan münasibətlərinin bütün xüsusiyyətlərini əvəz edə bilmir. Burada təhlükə ondan ibarətdir ki, insan zaman keçdikcə real münasibətlərin mürəkkəbliyindən uzaqlaşaraq süni intellektlə ünsiyyətə üstünlük verə bilər:
"Aİ adətən istifadəçinin müraciətinə dərhal cavab verir, onunla mübahisə etmir, yorulduğunu bildirmir və ünsiyyəti davam etdirməyə hazır görünür. Halbuki real münasibətlərdə qarşılıqlı güzəşt, səbir, məsuliyyət, fərqli fikirləri qəbul etmək və emosional əmək tələb olunur. Beləliklə, insan süni intellektlə ünsiyyətdə özünü rahat hiss etməyə başlasa da, real münasibətlər qurmaq və onları qorumaq bacarıqları zəifləyə bilər. Bu zaman paradoksal bir vəziyyət yaranır: insan daim ünsiyyətdədir, lakin emosional baxımdan daha çox təcrid olunur. Bunu müasir dövrün rəqəmsal tənhalıq paradoksu adlandırmaq olar".
Lamiyə Qurbanova: "AI belə hallarda peşəkar psixoloji və psixiatrik qiymətləndirməni əvəz etməməlidir"
"Süni intellektdən alınan psixoloji dəstək psixoloqların fəaliyyətini aradan qaldıracaqmı? sualına gəlincə, psixoloq Al botlarının inkişafının peşəkar psixoloqları sıradan çıxarmayacağını, lakin psixoloji yardımın ənənəvi formalarını ciddi şəkildə dəyişdirəcəyini vurğulayıb.
Onun sözlərinə görə, Al insanın emosional vəziyyəti haqqında danışmasına şərait yarada, onun fikirlərini sistemləşdirə, stressin idarə olunması, emosional özünütənzimləmə və gündəlik çətinliklərlə mübarizə üzrə ümumi tövsiyələr verə bilər. Üstəlik, belə dəstəyin gecə-gündüz əlçatan olması, bəzi insanlarda mühakimə olunmaq qorxusunu azaltması onun üstünlüklərindəndir. Lakin psixoloji yardım yalnız məsləhət vermək və ya düzgün cavab tapmaqdan ibarət deyil.
"Psixoterapiya mürəkkəb, dinamik və fərdi münasibət prosesidir. Burada insanın sözləri ilə yanaşı, emosional reaksiyaları, davranışları, susqunluğu, ziddiyyətləri, həyat təcrübəsi və fərdi psixoloji xüsusiyyətləri də nəzərə alınır. Peşəkar psixoloqun əsas üstünlüyü empatiya, klinik düşünmə, etik məsuliyyət və fərdi terapevtik münasibət qurmaq bacarığıdır. Süni intellekt empatik üslubda cavab yarada bilər, lakin bu, insanın yaşadığı hissləri həqiqətən yaşaması və dərk etməsi demək deyil. Digər mühüm məsələ isə təhlükəsizlikdir. Depressiya, intihar düşüncələri, travma, ağır təşviş pozuntuları və digər mürəkkəb psixoloji vəziyyətlər zamanı yanlış və ya natamam tövsiyələr ciddi nəticələrə səbəb ola bilər. Al belə hallarda peşəkar psixoloji və psixiatrik qiymətləndirməni əvəz etməməlidir".
L. Qurbanovanın fikrincə, gələcəyin modeli insan psixoloqla süni intellektin rəqabəti deyil, onların düzgün sərhədlər daxilində əməkdaşlığı olacaq. Al psixoloji maarifləndirmə və ilkin dəstək vasitəsi, psixoloq isə dərin qiymətləndirmə, terapiya və mürəkkəb emosional problemlərin həlli üzrə əsas mütəxəssis olaraq qalacaq.
"Süni intellekt psixoloqu əvəz etməyəcək, lakin süni intellektdən düzgün istifadə etməyi bacaran psixoloq gələcəyin psixoloji xidmətində daha geniş imkanlara malik olacaq", - deyə L.Qurbanova fikrini yekunlaşdırıb.