Maşın və avadanlıqların, eləcə də uşaqlar və yetkinlik yaşına çatmayanlar üçün nəzərdə tutulan məhsulların təhlükəsizliyinə dair yeni texniki reqlament layihələri hazırlanıb.
Turkustan.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin şöbə müdiri Agentliyin təşkil etdiyi **“Qeyri-qida istehlak mallarının təhlükəsizliyi”** adlı təlimdə məlumat verib.
Şöbə müdiri bildirib ki, maşın və avadanlıqların təhlükəsizliyinə dair texniki reqlament sənaye maşın və avadanlıqlarını, yükləqaldırma mexanizmlərini və istehsalatda istifadə olunan digər texniki vasitələri əhatə edir.
Layihədə avadanlıqların layihələndirilməsi, istehsalı, istismarı və təhlükəsiz istifadəsi ilə bağlı tələblər nəzərdə tutulur. Məqsəd istehsalat prosesində yarana biləcək risklərin qarşısının alınması, avadanlıqlardan istifadə zamanı təhlükəsizliyin təmin edilməsi və işçilərin sağlamlığının qorunmasıdır.
Təlimdə, həmçinin uşaqlar və yetkinlik yaşına çatmayanlar üçün nəzərdə tutulan məhsulların təhlükəsizliyinə dair texniki reqlament layihəsi barədə məlumat verilib.
Qeyd edilib ki, bu sənəd uşaq arabalarını, komponentləri və onların ehtiyat hissələrini, uşaq geyimlərini, ayaqqabılarını, çantalarını, oyuncaqları və digər müvafiq məhsulları əhatə edir.
Texniki reqlament layihəsində məhsulların sanitariya-gigiyena normalarına və təhlükəsizlik tələblərinə uyğunluğu, materialların tərkibi, kimyəvi və fiziki xüsusiyyətləri, eləcə də uşaqların sağlamlığına mümkün təsirləri ilə bağlı məsələlər nəzərə alınıb.
Şöbə müdiri vurğulayıb ki, bu istiqamətdə texniki reqlamentlərin hazırlanması bazara çıxarılan məhsulların təhlükəsizliyinin qiymətləndirilməsi və istehlakçıların, xüsusilə də uşaqların sağlamlığının qorunması baxımından əhəmiyyət daşıyır.
Aytən Yaşar/ Turkustan.az