Azərbaycan Mətbuat Şurası bəzi media subyektlərinin fəaliyyətində müşahidə olunan peşə etikası pozuntuları, yoxlanılmamış məlumatların yayılması və şəxsi həyatın toxunulmazlığı prinsipinə əməl edilməməsi ilə bağlı bəyanat yayıb.
Turkustan.az xəbər verir ki, bəyanatda jurnalistlərin ictimai məsuliyyətinə, uşaqların hüquqlarının qorunmasına və təqsirsizlik prezumpsiyasına riayət edilməsinin vacibliyinə diqqət çəkilib.
Mətbuat Şurası qeyd edib ki, informasiya məkanında baş verən proseslər media subyektlərindən və jurnalistlərdən yüksək peşəkarlıqla yanaşı, ictimai məsuliyyət və həssaslıq da tələb edir. Təəssüf ki, son dövrlər bəzi media materiallarında jurnalistikanın missiyasına uyğun olmayan, hadisələrin mahiyyətini işıqlandırmaqdan daha çox süni rezonans yaratmağa hesablanmış yanaşmalar müşahidə olunur.
"Azərbaycan Mətbuat Şurası hesab edir ki, jurnalistika ictimai maraqlara xidmət etmək əvəzinə, auditoriyanın diqqətini cəlb etmək məqsədilə hadisələrdən istifadə vasitəsinə çevrilməməlidir. Xüsusilə, ayrı-ayrı tanınmış şəxslər, o cümlədən vəzifə səlahiyyətləri başa çatmış şəxslərlə bağlı yoxlanılmamış məlumatların, əsassız ittihamların və alçaldıcı ifadələrin yayılması yolverilməzdir. Belə yanaşmalar ictimai müzakirə mədəniyyətinə də xələl gətirir.
Uşaqlarla bağlı məlumat və görüntülərin yayılması zamanı yol verilən nöqsanlar da ciddi narahatlıq doğurur. Onların şəxsi həyatının, kimliyinin və mənafelərinin qorunması medianın mühüm etik öhdəliklərindəndir. Xüsusilə, faciəvi hadisələrdən zərər çəkmiş uşaqların kimliklərinin açıqlanması və şəxsi məlumatlarının yayılması yolverilməzdir.
Eyni zamanda, vətəndaşların şəxsi və biometrik məlumatlarının yayılması, bədbəxt hadisələr zamanı zərərçəkənlər barədə təsdiqlənməmiş informasiyaların tirajlanması peşə etikası prinsiplərinin pozulmasıdır.
Digər ciddi problem isə bəzi media materiallarında təqsirsizlik prezumpsiyasına əməl olunmamasıdır. Məhkəmə hökmü qanuni qüvvəyə minmədən şəxslərin cinayətkar kimi təqdim edilməsi və onların ictimai linç obyektinə çevrilməsinə yönələn çağırışlar hüquqi dövlət prinsipləri ilə uzlaşmır.
Mətbuat Şurası bəyan edir ki, jurnalistikanın nüfuzuna xələl gətirən, vətəndaşların hüquq və qanuni mənafelərini, eləcə də işgüzar və şəxsi nüfuzlarını zərbə altında qoyan hallara münasibətdə prinsipial mövqe nümayiş etdirəcək.
Azərbaycan Mətbuat Şurası bütün media subyektlərini və jurnalistləri insan hüquqlarına, şəxsi həyatın toxunulmazlığına, təqsirsizlik prezumpsiyasına və “Azərbaycan Jurnalistlərinin Etik Davranış Qaydaları”nın tələblərinə ciddi şəkildə əməl etməyə çağırır".