Azərbaycanda hansı məhsullara daha çox pul xərclənir? – ŞOK STATİSTİKA


Bu ilin 10 ayında Azərbaycanda pərakəndə ticarət dövriyyəsi 3,8 faiz artaraq 57,5 milyard manatı ötüb.

Turkustan.az xəbər verir ki, 2026-cı ilin yanvar-oktyabr aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 57 milyard 523,4 milyon manatlıq məhsul satılıb.

Satışın 31 milyard 58,6 milyon manatını ərzaq məhsulları, içkilər və tütün məmulatları, 26 milyard 464,8 milyon manatını isə qeyri-ərzaq malları təşkil edib.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə ərzaq məhsulları, içkilər və tütün məmulatlarının satışı real ifadədə 1,5 faiz, qeyri-ərzaq mallarının satışı isə 6,6 faiz artıb.

Məhsul qrupları üzrə ən yüksək artım kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının satışında qeydə alınıb. Bu kateqoriya üzrə satış 32,6 faiz artaraq 970,1 milyon manata çatıb. Əczaçılıq məhsulları və tibbi ləvazimatların satışında 21,2 faiz, elektrik malları və mebellərin satışında isə 8,7 faiz artım olub.

Hesabat dövründə toxuculuq məhsulları, geyim və ayaqqabıların satışından 8 milyard 54 milyon manat, avtomobil yanacağının satışından 3 milyard 462,5 milyon manat, digər qeyri-ərzaq mallarının satışından isə 9 milyard 546,6 milyon manat gəlir əldə edilib.

Alıcıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 49,9 faizi ərzaq məhsullarının, 14 faizi geyim və ayaqqabıların, 6 faizi avtomobil yanacağının, 5 faizi elektrik malları və mebellərin alınmasına sərf olunub.

Bildirilib ki, 2026-cı ilin yanvar-oktyabr aylarında ölkə əhalisinin hər nəfəri orta hesabla ayda 559,9 manatlıq pərakəndə ticarət məhsulu alıb. Bunun 302,3 manatı ərzaq məhsulları, içkilər və tütün məmulatlarının, 257,6 manatı isə qeyri-ərzaq mallarının payına düşüb. /Yeni Sabah/


MANŞET XƏBƏRLƏRİ