Emin Zeynalov: Azərbaycanda 369 akkreditasiya attestatı qüvvədədir


Hazırda Azərbaycanda qüvvədə olan akkreditasiya attestatlarının ümumi sayı 369-dur.

Turkustan.az xəbər verir ki, bu barədə Azərbaycan Akkreditasiya Mərkəzinin direktoru Emin Zeynalov media nümayəndələri üçün keçirilən təlimdə çıxışı zamanı məlumat verib.

Direktor bildirib ki, akkreditasiya sistemi milli keyfiyyət infrastrukturunun mühüm tərkib hissəsidir. Bu sistem məhsul və xidmətlərin təhlükəsizliyinin, uyğunluğun qiymətləndirilməsi nəticələrinin etibarlılığının və beynəlxalq səviyyədə tanınmasının təmin edilməsində mühüm rol oynayır.

Onun sözlərinə görə, Azərbaycan Akkreditasiya Mərkəzinin əsas məqsədi akkreditasiya sistemini beynəlxalq standartlara uyğun inkişaf etdirmək, uyğunluğun qiymətləndirilməsi qurumlarının səriştəliliyini təsdiqləmək və ölkədə keyfiyyət infrastrukturunu gücləndirməkdir.

Emin Zeynalov qeyd edib ki, hazırda qüvvədə olan 369 akkreditasiya attestatı sınaq və kalibrləmə laboratoriyalarını, sertifikatlaşdırma qurumlarını və inspeksiya orqanlarını əhatə edir.

O vurğulayıb ki, akkreditasiya attestatlarının verilməsi həmin qurumların fəaliyyətinin müəyyən edilmiş tələblərə uyğunluğunu və texniki səriştəliliyini təsdiqləyir. Bu proses bazarda keyfiyyətli və təhlükəsiz məhsul və xidmətlərin təşviqinə, sahibkarlıq subyektlərinin fəaliyyətinin stimullaşdırılmasına və sağlam rəqabət mühitinin formalaşmasına xidmət edir.

Mərkəzin direktoru akkreditasiya sahəsində ictimai maarifləndirmənin genişləndirilməsində medianın rolunu da xüsusi vurğulayıb. O, media ilə açıq dialoqun və məlumat mübadiləsinin əhəmiyyətini qeyd edərək, bugünkü təlimin bu sahədə məlumatlılığın artırılmasına və gələcək əməkdaşlığın inkişafına töhfə verəcəyinə ümidvar olduğunu bildirib.


MANŞET XƏBƏRLƏRİ