“Hacı pivəsi”nə arxayın olan sürücülərə XƏBƏRDARLIQ — CƏRİMƏLƏNƏ BİLƏRSİZ


Sükan arxasında olanlar adətən spirtli içkilərdən uzaq dururlar. Ya da ümumiyyətlə alkoqolu yaxına buraxmayıb sağlam həyat tərzini seçənlər də az deyil. Amma bir stəkan alkoqolsuz pivə bəzən məsum, problemsiz görünür. Çünki içdikdən sonra sürücü özünü tam ayıq hiss edir və səfəri təxirə salmaq üçün heç bir səbəb görmür. Lakin içkini qəbul etdikdən dərhal sonra test cihazından istifadə edilərsə, nəfəs göstəricilərinin nəticəsi gözlənilməz ola bilər. Bunun səbəbi ağız boşluğunda qalan spirt miqdarıdır.

Sual yarana bilər ki, axı spirtsiz içkidə spirt necə ola bilər?

Sürücülərdə tez-tez tərəddüd yaradan “alkoqolsuz” sözünün özüdür. Məsələ burasındadır ki, məhsulda az miqdarda etanol qalır. Spirt miqdarı adətən 0,5%-i keçməsə də, belə cüzi miqdar cihazlar tərəfindən aşkar edilə bilər. Çünki ölçmə cihazı sırf etanolu aşkar etməyə hesablanıb.

Etanol isə məhz qıcqırma nəticəsində yaranır.

Bu, eynilə kvasa da aiddir, çünki hər ikisi qıcqırdılma üsulu ilə hazırlanır. Amma burada bir məqam var: cihaz yalnız dərhal ölçərsə, etanolu aşkar edə bilər. Buna görə də, yola çıxmazdan əvvəl alkoqolsuz pivə ya kvas içdikdən sonra 15-20 dəqiqə gözləmək lazımdır. Adətən, bu müddət ərzində ağız boşluğundakı qalıq spirtin təsiri aradan qalxır.

Niyə qadın orqanizmində spirt gec sovrulur?

Xanım sürücülər bir az çox gözləməlidirlər, ümumiyyətlə qadın bədənindən spirt gec sovrulur. Digər alkoqollu içkilərdəki 12 saat sovrulma müddəti qadına aid deyil. Qadınlarda spirtin bədəndən gec sovrulmasına səbəb bədən suyunun daha az olmasıdır. Orta hesabla qadınlarda bədən çəkisinin daha kiçik hissəsi sudan ibarətdir. Alkoqol əsasən suda paylandığı üçün eyni miqdarda içki daha yüksək qan-spirt konsentrasiyası yarada bilər.

Bundan başqa qaraciyər metabolizmi də rol oynayır.

Alkoqolun parçalanma sürətində cinslərarası fərqlər ola bilər, amma əsas determinant yenə də qəbul edilən alkoqolun miqdarıdır.

Xatırladaq ki, alkoqollu vəziyyətdə avtomobil idarə etmək İnziabati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinə əsasən 400 manat cərimə və ya 6 aydan 1 ilədək sürücülük hüququnun məhdudlaşdırılması ilə nəticələnir. Təkrar törədildikdə (qərarın qüvvəyə minməsindən sonra 1 il ərzində) 400-500 manat cərimə, 2 il sürücülük hüququnun məhdudlaşdırılması, yaxud müəyyən hallarda inzibati həbs nəzərdə tutulur. Qanunda 0,3 promil və yuxarı alkoqol göstəricisi sərxoşluq hesab edilir. Yəni alkotestin daha az ya çox göstərməsi cəriməni yüngülləşdirmir. /bizim.media


MANŞET XƏBƏRLƏRİ