İrəvanda saxlanılan Azərbaycan hərbçisi Nəsimi Musayevlə bağlı hadisə Ermənistanda təhlükəsizlik strukturları ətrafında müzakirələri daha da qızışdırıb.
Turkustan.az xəbər verir ki, hakim “Vətəndaş Müqaviləsi” fraksiyasının katibi Volodya Akopyan Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin (MTX) fəaliyyətində nöqsanlara yol verildiyini bildirib. O, bunu Ermənistan MTX direktorunun müavini David Sanamyanın ötən gün vəzifədən azad edilməsini şərh edərkən deyib.
Akopyanın sözlərinə görə, təmas xəttinin mövqelərarası zonasında sərhəd pozuntusunun baş verməsi bir məsələdir. Onun bildirdiyinə görə, Müdafiə Nazirliyinin mühafizə etdiyi belə ərazilərdə bu cür hallar prinsip etibarilə mümkündür.
Deputat bildirib ki, başqa məsələ silahlı Azərbaycan hərbçisinin iki gün ərzində Ermənistan ərazisində hərəkət etməsi və bu müddətdə müvafiq qurumların onu saxlamamasıdır.
Akopyan bununla belə Ermənistanın müdafiə naziri Suren Papikyanı tənqid etməyib. Fraksiya katibi mövqeyini “sərhədi təkcə o qorumur” sözləri ilə əsaslandırıb.
Xatırladaq ki, Azərbaycan hərbçisi Nəsimi Musayev Şəki kəndində baş verən insidentdən sonra saxlanılıb./Musavat.com