Çin ABŞ-ın Tayvana modernləşdirilmiş F-16 qırıcılarının satışına qarşı olduğunu açıqlayıb.
Turkustan.az xəbər verir ki, Çin Xarici İşlər Nazirliyinin sözçüsü Quo Ciakun beynəlxalq medianın suallarına yazılı cavabında Vaşinqtonu iki ölkə liderləri arasında əldə olunmuş razılaşmalara uyğun olaraq “vahid Çin” prinsipinə əməl etməyə və Tayvan məsələsində ehtiyatlı davranmağa çağırıb.
Sözçü Tayvan məsələsinin Çinin “daxili işi” olduğunu və xarici müdaxilənin qəbuledilməzliyini vurğulayıb.
“ABŞ-ın Çinin Tayvan bölgəsinə silah satmasına qarşı çıxmağa davam edirik”, – deyə Quo Ciakun bildirib.
Qeyd edək ki, Çinlə suverenlik mübahisəsi olan Tayvan oktyabrın 2-də ABŞ-dan modernləşdirilmiş F-16 qırıcılarının ilk partiyasını qəbul edib. İki F-16V Block 70 təyyarəsi Havaydan yola düşən iki ABŞ yük təyyarəsi ilə Tayvanın Taytung prefekturasındakı Çihang hava bazasına gətirilib.
Aytən Yaşar/ Turkustan.az