Paris Cinayət Məhkəməsinin "Azadlıq" qəzetinin baş redaktoru Qənimət Zahidlə bağlı çıxardığı qərarın icrası başa çatıb.
Bu barədə Modern.az-a açıqlamasında Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə məlumat verib.
Onun sözlərinə görə, Paris Cinayət Məhkəməsi 2025-ci il oktyabrın 21-də Qənimət Səlim oğlu Zahidov barəsində hökm çıxarıb. Hüquqşünas bildirib ki, həmin qərarla Qənimət Zahid Fransa qanunvericiliyinə əsasən, cinayət törətmiş şəxs kimi tanınıb və bu ölkədə cinayət törətmiş şəxslər siyahısına daxil edilib.
Ç.Qənizadə qeyd edib ki, məhkəmə qərarında əsas məqamlardan biri məhz məhkumluq faktının yaradılması olub. Onun sözlərinə görə, məhkəmə bu halın hansısa cəzanın tətbiqindən daha mühüm əhəmiyyət daşıdığını vurğulayıb.
"Bu, Azərbaycan tarixində ilk dəfə xaricdə sığınacaq almış, Azərbaycan dövləti, dövlət rəsmiləri və ictimai-siyasi xadimlər barədə böhtan və həqiqətə uyğun olmayan məlumatlar yayan blogerlərdən biri haqqında sığındığı ölkənin məhkəməsində belə bir qərarın qəbul edilməsi ilə nəticələnən hüquqi prosesdir.
Qeyd olunan məhkəmə çəkişməsi 2019-cu ildə başlanıb və 2025-ci il oktyabrın 21-də yekunlaşıb. Prosesin uzun sürməsinə əsas səbəb isə pandemiya dövrünün yaratdığı fasilələr olub".
Hüquqşünasın sözlərinə görə, məhkəmənin hökmü ilə Qənimət Zahid Fransa qanunvericiliyinə uyğun olaraq cərimə ödəyib. Bundan başqa, ona dəymiş maddi və mənəvi zərərə görə kompensasiya ödəməsi də qərarda öz əksini tapıb.
Ç.Qənizadə onu da əlavə edib ki, Qənimət Zahid uzun müddət həmin kompensasiyanı ödəməkdən yayınıb:
"Lakin Fransadakı vəkillərinin fəaliyyəti, eləcə də qarşı tərəfin vəkillərinin qanunun tələblərinə uyğun davranması nəticəsində iki gün əvvəl məhkəmənin müəyyən etdiyi kompensasiya tam həcmdə ödənilib.
Mən isə onu deyə bilərəm ki, bunu qələbə hesab edirəm. Məqsədim belə şəxslərin sığındıqları ölkələrdə qanun qarşısında cavab verməsinə nail olmaq idi və buna nail oldum", - deyə o fikrini tamamlayıb.