Avqustun 1-dən Azərbaycanda kartdan-karta (C2C) köçürmələr üzrə yeni məhdudiyyətlər qüvvəyə minib. Yeni qaydalara əsasən, gün ərzində maksimum 5 köçürmə və 5 mədaxil əməliyyatı aparmaq mümkündür. Aylıq ümumi limit isə 20 min manat müəyyən edilib. Lakin açıqlanan rəsmi məlumata görə, yaxın qohumlar və ya risk qrupuna daxil olmayan vətəndaşlar arasında kartdan-karta köçürmələrə hər hansı məhdudiyyət tətbiq edilməyəcək.
Bəs bu mexanizm praktikada necə işləyəcək? Sistem köçürmə edən şəxslərin yaxın qohum olduğunu hansı qaydada müəyyən edəcək?
Hüquqşünas Əkrəm Həsənov Qaynarnfo-ya bildirib ki, mövcud açıqlamada bu suallar cavabsız qalır:
"Bəli, Azərbaycan Banklar Assosiasiyası öz saytında açıqlama verib ki, bu məhdudiyyətlər yaxın qohumlara aid olmayacaq. Yaxın qohum anlayışının da qanunda tərifi var. Buraya valideyn, övlad, ər, arvad, qardaş və bacı daxildir. Yəni bu şəxslər arasında köçürmələrə məhdudiyyət tətbiq edilməyəcək.
Amma sistem bunu necə müəyyən edəcək? Yəni haradan biləcək ki, kim kimin qohumudur? Mən bunu bilmirəm. Bunu necə müəyyən edəcəklər? Hər dəfə məlumat vermək lazım olacaq? Əgər məlumat vermək lazımdırsa, o zaman elə nağd şəkildə o pulu verərəm. Yaxud başqa bir şəxsin kartına göndərərəm".

"Bəs "risk qrupu" anlayışı hansı meyarlar əsasında formalaşdırılacaq" sualına isə cavab olaraq hüquqşünas bildirib ki, bu açıqlama gözədən pərdə asmaqdır:
"Həmin Assosiasiyanın avqustun 3-də saytında yayımlanan məlumatında həmçinin qeyd olunur ki, vətəndaş köçürmənin səbəbini əsaslandırarsa, bu halda da məhdudiyyət tətbiq edilməyəcək. Kartdan-karta köçürmə ani həyata keçirilən əməliyyatdır. Mən bunun üçün banka sənəd göndərməli, izahat yazmalı, cavab gözləməliyəmsə, bunu edəcəyimə elə pulu nağd şəkildə verərəm. Bu, sadəcə gözdən pərdə asmaqdır".