Təcili yardıma 38 mindən çox əsassız çağırış - Yalandan zəng edənləri nə GÖZLƏYİR?


Təcili tibbi yardım xidməti yalnız təcili və təxirəsalınmaz hallarda çağırılır. Ölkəmizdə təcili tibbi yardımın ünvana gec çatması halları var və bu, dəfələrlə tənqid olunur. Gecikməyə isə yollardakı tıxac, çağırışın çox olması, həkim çatışmazlığı və bu kimi hallar səbəb olur. Digər səbəb isə əsassız çağırışlardır.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB)məlumatına görə, bu ilin ilk 6 ayı ərzində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Xidmətinə 38 min 418 əsassız çağırış daxil olub.

Bildirilib ki, əsassız çağırışlar resurslardan səmərəli istifadə olunmasının qarşısını alır, eləcə də təcili çağırışlara operativ xidmət göstərilməsi prosesinə mənfi təsir edir. Belə hallarda briqadaların əsassız çağırışlara cəlb olunması real təcili vəziyyətlərə çatma müddətinin uzanmasına səbəb ola bilər.

Bəs hansı çağırışlar əsassız hesab olunur?

TƏBİB-dən Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, 103 Çağrı Mərkəzinə daxil olan çağırışlar müxtəlif kateqoriyalar üzrə çeşidlənir.

Qeyd edilib ki, bu kateqoriyalara hospitalizasiya olunanlar, nəticəsiz çağırışlar, radiorabitə vasitəsilə ötürülən, yolüstü çağırışlar və daşınma daxildir.

“Nəticəsiz çağırışlara yalançı çağırışlar, hadisə yerində pasiyentin tapılmaması, ünvanın müəyyən edilməməsi, həkiməqədər ölüm halları, eləcə də yardımdan imtina səbəbindən nəticəsiz qalan müraciətlər daxildir. Yardımdan imtina hallarında təcili tibbi yardım briqadaları çağırış ünvanına yola düşsə də, hadisə yerində tibbi müdaxiləyə ehtiyac olmadığı və ya müraciət edən şəxs yardımdan imtina etdiyi üçün briqada xidmət göstərmədən geri qayıdır. Bu tip çağırışlar əsassız çağırış olaraq qeydə alınır” – deyə məlumatda vurğulanıb.

Bu çağırışı edənlər məsuliyyət daşıyırlarmı?

İnzibati Xətalar Məcəlləsinə (maddə 564) görə, bilə-bilə yalandan yanğından mühafizə və polis orqanlarını, təcili yardım və ya digər ixtisaslaşdırılmış xidmətləri çağırmağa görə - 100 manat məbləğində cərimə müəyyən olunub.


MANŞET XƏBƏRLƏRİ