Sürücülük təlimi verən şəxslərin özlərinə “təlim” keçilməlidir?


Son dövrlər avtomobil idarə etməyi öyrənmək istəyən şəxsləri cəlb etmək məqsədilə sosial şəbəkələrdə və müxtəlif internet platformalarında çoxsaylı sürücülük təlimi elanları yayılır.

Lakin bu elanların heç də hamısı etibarlı olmur. İddialara görə, bəzi təlimçilər qanunvericiliyin tələblərinə zidd şəkildə fəaliyyət göstərir, sürücülük vəsiqəsi almaq istəyən vətəndaşlara isə reallığı əks etdirməyən vədlər verirlər.

"10 dərsdə avtomobil idarə etməyi öyrədəcəyik", "Qısa müddətdə peşəkar sürücü olacaqsınız" və s. kimi iddialar bu cür reklamlarda tez-tez yer alır.

Bəs sürücülük təlimi ilə bağlı qanunvericiliyin tələbləri nələrdir? Qanunsuz fəaliyyət göstərən təlimçilər vətəndaşlar üçün hansı risklər yarada bilər?

Mövzu ilə bağlı "Cebheinfo.az"-ın suallarını cavablandıran yol hərəkəti təhlükəsizliyi üzrə ekspert, sürücülük təlimçisi Ələkbər Hüseynov bildirib ki, bəzi sürücülük təlimçiləri tələbələri cəlb etmək məqsədilə həqiqəti əks etdirməyən vədlər verirlər.

O qeyd edib ki, "10 dərsə super sürücü" vədi sadəcə reklamdır:

"Onlar “10 dərsə sizi peşəkar sürücü edəcəyik” kimi reklamlar edirlər. Halbuki bu, reallığı əks etdirmir. Heç bir halda 10 dərsə tələbə sürücülük bacarıqlarını yüksək səviyyədə mənimsəyə bilməz.

Qanunvericiliyin və beynəlxalq konvensiyaların tələblərinə uyğun olaraq sürücülük hazırlığı minimum 56-70 dərs (saat) təşkil etməlidir.

Təəssüf ki, ölkəmizdə bəzi yol şəraitləri, xüsusilə sürüşkən, buzlu və torpaq yollarda praktiki təlim keçmək imkanları məhduddur. Ən azı qavraması yaxşı olan tələbə 20-25 saat praktiki dərsə gəlməlidir”.

Onun sözlərinə görə, sürücülük vəsiqəsi almaq istəyən vətəndaş əvvəlcə nəzəri bilikləri və sürmə vərdişlərini öyrənməlidir:

“Sürücülük vəsiqəsi olmayan şəxslər sürücülük təlimlərində iştirak edirlər. Çünki qanunvericiliyə əsasən, əvvəlcə nəzəri və praktiki bilikləri öyrənilir, sonra imtahan verib sürücülük vəsiqəsi əldə edilir.

Eyni zamanda, təlimçi yəni sürücülüyü öyrədən şəxs yol hərəkət qaydalarını “A-dan Z-yə” birmənalı olaraq bilməlidir və tələbəyə də tədris etməlidir. Eyni zamanda, bu “Yol hərəkəti haqqında” Qanunun 78-ci maddəsində öz əksini tapıb”.

Ekspert vurğulayıb ki, Azərbaycan Respublikasının “Yol hərəkəti haqqında” Qanununun 78-ci maddəsinə əsasən, nəqliyyat vasitələrinin idarə edilməsi üzrə ilkin təlim bağlı meydançalarda və ya avtodromlarda keçirilməlidir:

“Yollarda sürmə təliminə isə yalnız təlim verən şəxsin iştirakı ilə və sürücülüyü öyrənən şəxsin avtomobili idarə etmək üzrə ilkin vərdişə malik olduğu halda icazə verilir.

Bundan başqa, nəqliyyat vasitəsini sürməyi öyrənən şəxs yol hərəkəti qaydalarını bilməli və onların tələblərinə əməl etməlidir.

Təəssüf ki, bu qaydalara əməl edənlərin sayı çox azdır. Hələ üstəlik bəzi təlimçilər tələbəni ilk dərsdən yolda sürdürərək birbaşa təhlükə yaradırlar.

İstənilən halda bunlar qanuna ziddir. Bu həm onun, həm də digər hərəkət iştirakçılarının təhlükəsizliyini riskə atırlar”. /Cebheinfo.az/


MANŞET XƏBƏRLƏRİ