Trampın Hizbullah planı: Suriya Hizbullahla döyüşəcək?


ABŞ Prezidenti Donald Tramp G7 sammiti zamanı İsrailin Hizbullaha qarşı mübarizəsinin kifayət etmədiyini bildirərək, Suriyanın Livanda daha fəal rol oynaya biləcəyini deyib.

Turkustan.az xəbər verir ki, bu fikri sonradan müxtəlif platformalarda da təkrarlayıb.

Bu açıqlamalar Vaşinqtonun Yaxın Şərqdə formalaşdırmağa çalışdığı yeni təhlükəsizlik strategiyasının tərkib hissəsi kimi qiymətləndirilir. ABŞ regiondakı hərbi yükünü azaltmaqla yanaşı, təhlükəsizlik məsuliyyətini müttəfiqləri arasında bölüşdürməyə çalışır. Suriyada 2024-cü ilin dekabrından sonra yaranan yeni siyasi vəziyyət, Dəməşqin Qərb və ərəb ölkələri ilə münasibətlərini normallaşdırması, həmçinin İranın təsirinin zəifləməsi fonunda Vaşinqton Suriyanı potensial regional tərəfdaş kimi görməyə başlayıb.

Lakin mövcud şəraitdə Suriyanın Livanda Hizbullaha qarşı birbaşa hərbi əməliyyatlara qoşulması real hesab edilmir. Bunun səbəbi həm Suriyanın hərbi imkanları, həm də ölkənin daxili və xarici siyasət prioritetləridir.

Ekspertlərin fikrincə, ABŞ-ın əsas məqsədi Suriyanı Hizbullaha qarşı döyüşən qüvvəyə çevirmək deyil, İranın silah, logistika və milis şəbəkələrinin Suriya üzərindən yenidən formalaşmasının qarşısını almaqdır. Çünki Hizbullahın hərbi potensialının mühüm hissəsi məhz bu təchizat marşrutlarından asılıdır.

Bu baxımdan Suriyanın Hizbullaha qarşı verə biləcəyi ən mühüm töhfə Livanda yeni hərbi cəbhə açmaq deyil, öz sərhədlərinə effektiv nəzarət etməsi və İranın təchizat marşrutlarını məhdudlaşdıran məsuliyyətli dövlət kimi çıxış etməsidir. Bu rol həm Dəməşqin imkanlarına, həm də mövcud regional reallığa daha uyğun hesab olunur.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ