Bir ildə 100 min: Ailələr uşaqdan niyə vaz keçir?


2025-ci ildə Azərbaycanda 95 117 abortun 3 178 18-19 yaş qrupunda, 66 abort isə 15-17 yaş qrupunda qeydə alınıb.

Məsələ Milli Məclisinin Ailə, qadın və uşaq məsələləri komitəsinin bugünkü iclasında müzakirə olunan Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2025-ci il üzrə Məlumatında əksini tapıb.

Hesabatda bildirilib ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin məlumatlarına əsasən, 2025-ci ildə ölkə üzrə 95 117 abort qeydə alınıb.

Statistikaya görə, abort etdirənlərin 27 498-i 30-34 yaş, 26 329-u 25-29 yaş, 22 811-i isə 35 və yuxarı yaş qrupunda olan qadınlar olub.

Qeyd olunub ki, 20-24 yaş qrupunda 15 235, 18-19 yaş qrupunda 3 178, 15-17 yaş qrupunda isə 66 abort qeydə alınıb.

Hesabatda vurğulanıb ki, abortların sayı 2021-ci ildə 46 877, 2022-ci ildə 57 999, 2023-cü ildə 73 816, 2024-cü ildə isə 78 245 olub.

Bu da son illərdə abortların sayında ciddi artım olduğunu göstərir.

Məlumata əsasən, 2025-ci ildə kontrasepsiya vasitələrindən istifadə edən qadınların sayı 31 586 olub. Onların 9 843-ü 25-29 yaş, 7 922-si 30-34 yaş, 6 782-si isə 35-49 yaş qrupunda olub.

Sənəddə həmçinin qeyd olunub ki, 2024-cü ildə doğulan 102310 körpənin 54 221-i oğlan, 48089-u isə qız uşaqları olub. Doğulan qız uşaqları ilə oğlan uşaqları arasındakı fərq isə 6 132 nəfər təşkil edib.

Məlumata görə, doğulanda cins nisbəti hər 100 qıza 113 oğlan təşkil edib.

Hesabatda bildirilib ki, 2024-cü illə müqayisədə 2025-ci ildə doğulan qız uşaqları ilə oğlan uşaqları arasındakı fərq 6 132-dən 5 953-ə düşüb.

Vurğulanıb ki, ötən il 26 ana doğuş zamanı həyatını itirib.

Abortların bu həddə çatması təhlükəli vəziyyətin göstəricisidirmi?

Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlama verən həkim-ginekoloq Ləman Əliyeva bildirib ki, abortlar artıq qorxulu həddə çatıb:

"Bu statistika artıq təkcə tibbi yox, ciddi sosial və psixoloji problemdir. Xüsusilə abortların 2021-ci ildə 46 min ikən 2025-ci ildə 95 mini keçməsi çox ciddi siqnaldır. Deməli, problem yalnız“istənilməyən hamiləlik deyil, ailə planlaması, maarifləndirmə, iqtisadi vəziyyət, psixoloji hazırlıq və reproduktiv sağlamlıq sistemi birlikdə yetərli işləmir.

18–19 yaş qrupunda 3 178, 15–17 yaşda isə 66 abort faktı ayrıca narahatedicidir. Bu yaşlarda abort yalnız tibbi müdaxilə deyil, gələcək reproduktiv və psixoloji sağlamlığa da təsir edə bilən hadisədir. Burada əsas məsələ cəzalandırmaq yox, düzgün maarifləndirmə və qoruyucu yanaşmadır".

O qeyd edib ki, digər tərəfdən, hər 100 qıza 113 oğlan düşməsi normal bioloji balansdan yüksəkdir:

"Bu, selektiv abort ehtimalını düşündürür. Bu fərq azalsa da, problem tam aradan qalxmış sayılmır. Bir başqa ciddi məqam isə odur ki, 95 mindən çox abort fonunda kontrasepsiyadan istifadə edən qadın sayı cəmi 31 min göstərilir.

Bu rəqəmlər arasında böyük uyğunsuzluq var və ailə planlaması xidmətlərinin əlçatanlığı və maarifləndirmənin zəif olduğunu göstərir. 26 ana ölümü isə ayrıca faciədir. Müasir tibbdə ana ölümü minimuma enməlidir və hər bir belə hal sistemin haradasa gecikdiyini göstərir".


MANŞET XƏBƏRLƏRİ