Şəhid ailələrinə hansı imtiyaz və müavinətlər verilir? - SİYAHI


Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxslər şəhid sayılırlar.

Hazırda aşağıda adları qeyd olunanlar şəhid statusu daşıyırlar:

- 1990-cı ilin yanvarında Bakı şəhərində, Lənkəran və Neftçala rayonlarında faciəli hadisələr nəticəsində həlak olanlar;

- 11 dekabr 1988-ci ildə Ermənistanın Leninakan şəhərində qəzaya uğrayan təyyarədə həlak olmuş şəxslər;

- Azərbaycan Respublikasında 1988-ci ildən 1990-cı ilin yanvar ayınadək olan dövrdə Sovet Ordusunun qeyri-qanuni hərəkətləri və ya manevrləri nəticəsində həlak olmuş vətəndaşlar;

- Ermənistanla sərhəd rayonlarında və Qarabağda erməni təcavüzü, habelə ölkənin digər ərazilərində erməni hərbi təxribatı (hücumu, zərbəsi) nəticəsində həlak olmuş və itkin düşmüş mülki vətəndaşlar;

- Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı həlak olmuş və itkin düşmüş hərbi qulluqçular;

- Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında, habelə Dövlət Mühafizə Xidmətində, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində, Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyində döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər;

- Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrinin icrası zamanı həlak olmuş və ya itkin düşmüş hərbi qulluqçular.

Bəs Azərbaycanda şəhid ailəsinin hansı imtiyaz və sosial təminat hüquqları var?

Modern.az-ın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən əldə etdiyi məlumatda bildirilib ki, şəhid ailəsinin imtiyaz və sosial təminat hüquqları aşağıdakılardı:

Birdəfəlik sığorta ödənişi - həlak olmuş hərbi qulluqçuların ailələrinə 11 000 manat sığorta ödənişi həyata keçirilir (sığorta hadisəsini təsdiq edən sənədin tarixi 2020-ci il dekabrın 31-dən sonraya aid olduğu halda 1 yanvar 2022-ci il tarixdən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən);

Dəfn mərasiminin təşkili üçün maliyyə yardımı – şəhidin valideynlərinə (nümayəndələrinə) yas mərasiminin təşkili üçün 3 000 manat məbləğində maliyyə yardımının ödənilməsi (Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən);

Azərbaycan Respublikası Prezidentinin təqaüdü (aylıq) - şəhid ailəsinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü (700 manat) ödənilir (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən);

Ailə başçısını itirməyə görə pensiya (aylıq) – şəhidin pensiya hüququ olduqda ailə üzvlərinə ailə başçısını itirməyə görə pensiya ödənilir (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən);

Müavinət (aylıq) – şəhidin pensiya hüququ olmadıqda ailə başçısını itirməyə görə hər bir ailə üzvü 140 manat məbləğində müavinət alır (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən);

Mənzil təminatı – 1 yanvar 2023-ci ilədək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış şəhid ailəsi üzvlərinin mənzil və ya fərdi evlə təmin edilməsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən aparılır.

Psixoloji dəstək - Şəhid ailəsi üzvlərinə postmüharibə dövründə ilkin diaqnostika aparıldıqdan sonra fərdi və qrup konsultasiyaları, ailə terapiyaları kimi psixoloji metodlardan istifadə olunmaqla psixoloji dəstək göstərilir (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən);

Sanatoriya-kurort müalicəsi - şəhid ailə üzvləri ildə bir dəfədən çox olmamaqla sanatoriya-kurort putyovkaları (yollayışları) ilə (işləyənlər - Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 15 sentyabr tarixli 189 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə”nin 135-ci bəndinə uyğun olaraq Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən işəgötürənlərə təqdim olunan putyovkalarla (yollayışlarla) iş yerindən, işləməyənlər - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin yerli qurumları və “DOST” mərkəzləri tərəfindən növbəlilik əsasında təmin olunurlar (tibb müəssisələrinin göndərişi ilə ölkə hüdudları daxilində, gediş-gəliş xərcləri daxil olmaqla). Eyni zamanda sanatoriya-kurort putyovkası (yollayışı) almaq üçün növbəyə götürülmüş 18 yaşınadək uşaqlar müşayiətçi ilə birlikdə sanatoriya-kurort putyovkası (yollayışı) ilə təmin olunurlar.

Təhsil - şəhid uşaqları təhsil haqqını ödəməkdən azad olunurlar (Elm və Təhsil Nazirliyi tərəfindən);

Özünüməşğulluğun təşkili - Şəhid ailəsi üzvlərinin özünüməşğulluq proqramına ən qısa zamanda növbədənkənar cəlb edilməsi təmin olunur və proqram çərçivəsində kiçik ailə təsərrüfat və müəsissələrini yaratmaları üçün onlara mal və materiallar formasında aktivlər təqdim edilir;

Haqqı ödənilən ictimai işlər - Şəhid ailəsi üzvlərinin haqqı ödənilən ictimai işlərə ən qısa zamanda növbədənkənar cəlb edilməsi təmin olunur;

Sosial iş yerlərində əməkhaqqının birgə maliyyələşdirilməsi - Şəhid ailəsi üzvlərinin sosial iş yerlərində əməkhaqqının birgə maliyyələşdirilməsi proqramına ən qısa zamanda növbədənkənar cəlb edilməsi təmin olunur;

Kvotadan əlavə iş yerlərinin yaradılması - Şəhid ailəsi üzvlərinin müəssisələrdə iş yerlərinə işlərə qəbulu və əməkhaqqının 100%-dək maliyyələşdirilməsi;

Sosial müəssisələrin və əlavə iş yerlərinin yaradılması, məqsədli proqramların icrası - Şəhid ailəsi üzvləri də daxil olmaqla həssas kateqoriyalardan olan şəxsləri əhatə edəcək xüsusi layihələrin həyata keçirilməsi;

Əlavə - Şəhid ailəsi üzvləri üçün vergi, əmək qanunvericiliyində və s. bir sıra güzəştlər nəzərdə tutulub.

Qeyd edək ki, 11 min manat sığorta ödənişi və 3 min manat dəfn üçün maliyyə yardımı istisna olmaqla, hərbi və mülki şəhidlərin ailələrinin hüquqları bərabərdir.


MANŞET XƏBƏRLƏRİ