Bill Klinton: Epşteynin cinayətlərindən xəbərsiz olmuşam


ABŞ-ın keçmiş prezidenti Bill Klinton yetkinlik yaşına çatmayan qızları istismar edən fahişəlik şəbəkəsi qurmaqda ittiham olunan və həbsxanada ölən Ceffri Epşteynlə bağlı istintaq çərçivəsində ifadə verib.

Turkustan.az xəbər verir ki, o, Epşteynin cinayətlərindən xəbərsiz olduğunu bildirib.

Klinton Respublikaçıların çoxluq təşkil etdiyi Nümayəndələr Palatasının Nəzarət Komitəsinin üzvləri tərəfindən Epşteynlə əlaqələri barədə sorğu-sual edilib.

ABŞ mediasının yaydığı məlumata görə, Klinton Nyu-Yorkda Konqres üzvlərinə verdiyi ifadədə Epşteynlə əlaqəsinin olduğunu təsdiqləyib, lakin milyarder iş adamının cinayət fəaliyyətindən xəbərsiz olduğunu vurğulayıb. O, həmçinin Epşteyn ilkin etirafını etməzdən xeyli əvvəl onunla bütün əlaqələrini kəsdiyini bildirib.

Klinton Komitənin suallarına cavab olaraq deyib: “Mən heç nə görmədim və heç bir yanlış hərəkət etmədim. Geriyə baxanda da məni şübhə altına salacaq heç nə görmürəm. Çünki o, bütün bunları çox uzun müddət və çox ustalıqla hamıdan gizlədib.”

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ