Son illər astrologiyaya maraq nəzərəçarpacaq dərəcədə artıb. Xüsusilə sosial şəbəkələrdə bürclərlə bağlı paylaşımlar geniş auditoriya toplayır. Bəs insanlar niyə bürclərə inanır? Bu inam sadəcə maraqdır, yoxsa psixoloji ehtiyacdan qaynaqlanır?
Psixoloq Vüsalə Rüstəm məsələ ilə bağlı Turkustan.az-a açıqlama verib. Psixoloq bürclərə inanan şəxslərin davranış və düşüncə tərzi ilə bağlı diqqətçəkən məqamlara toxunub. Qeyd edib ki, nəyə inanıb-inanmamaq hər bir insanın öz seçimidir: “Bu, dünyagörüşə və təhsilə bağlıdır. İnsanın dünyagörüşü artdıqca elmi sübutu olmayan heç nəyə inanmır. İnsanın taleyi onun anadan olduğu günə, aya və ilə bağlı ola bilməz”.
Vüsalə xanım bildirib ki, psixologiyada "Barnum effekti" var. İnsanlar ümumi və hamıya aid olan təsvirləri özününküləşdirirlər: “Hər bir bürcdə bu öz əksini tapır. Yazırlar ki, sən çılğınsan, vəfalısan, dostcanlısan. İnsanlar bu sözləri oxuduqda özlərinin təsvir edildiyini düşünürlər. Bu inam insanları passiv haldan çıxararaq daha pozitiv və xoşbəxt edir”.
Psixoloq qeyd edib ki, insanların tək inanc yeri daxili gücləri olmalıdır. Hər bir insan özünə inanmalıdır. Təəssüf ki, heç vaxt təqdir olunmayan, heç bir şəxsi fikri təsdiqləməyən uşaqlar böyüdükdən sonra kainatda nəyə desən inanırlar. İnsan özünə inanmağı yaşayaraq, səhv edərək öyrənir”.