Azərbaycanda subaylar da ata-ana ola bilər - QAYDALAR


Keçən il ərzində Azərbaycanda valideyn himayəsindən məhrum olmuş 149 uşaq övladlığa verilib.

Bu barədə Sosial Xidmətlər Agentliyindən məlumat verilib. Qeyd edilib ki, həmin müddətdə 40 uşaq (2024-cü ildə 30) isə himayədar ailələrə yerləşdirilib.

Xatırladaq ki, valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsinin və himayədar ailələrə yerləşdirilməsinin təşviqi məqsədilə işlər davam etdirilir.

Həyata keçirilən tədbirlər müvafiq mexanizmlərin davamlı olaraq təkmilləşdirilməsinə, əhatə dairəsinin genişləndirilməsinə, həmçinin uşaqların institusional qayğıdan ailə əsaslı qayğıya keçidinin təmin edilməsinə, onların sağlam inkişafı və cəmiyyətə uğurlu inteqrasiyası üçün əlverişli şəraitin yaradılmasına xidmət edir.

Bəs Azərbaycanda övladlığa uşaq götürmək hansı qaydalarla tənzimlənir?

"Cebheinfo.az"-ın araşdırması göstərir ki, övladlığa uşaq götürmək üçün minimum yaş həddinə gəldikdə isə nikahda olan şəxslər üçün 25 yaş, nikahda olmayanlar üçün isə 30 yaş hesab olunur (Ögey ata (ögey ana), habelə qohumlar (bacı-qardaş, nənə-baba, valideynlərinin bacıları, qardaşları, onların övladları) istisna olmaqla). Üzrlü hesab edilən hallarda bu yaş həddi məhkəmə tərəfindən artırılıb, azaldıla bilər.

2025-ci il ərzində Azərbaycanda 12 subay şəxs övladlığa uşaq götürüb. Ötən dövrdə ümumilikdə 74 subay şəxs uşaq övladlığa götürüb.

Valideyn-namizədlə övladlığa götürmək istədiyi uşaq arasındakı yaş fərqinə gəldikdə isə yaş fərqi 18-dən az olmamalıdır. Övladlığa uşaq götürə bilməyən şəxslərə isə məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslər daxildir.

Belə ki, məhkəmə tərəfindən valideynlik hüquqlarından məhrum edilmiş və ya valideynlik hüquqları məhdudlaşdırılmış şəxslər; qanunla üzərinə qoyulan vəzifəni yerinə yetirmədiyinə görə qəyyum və ya himayəçi vəzifələrindən kənarlaşdırılmış şəxslər; əvvəllər məhkəmə tərəfindən təqsirkar bilinərək bu hüququ ləğv edilmiş şəxslər; səhhətinə görə valideyn vəzifələrini həyata keçirə bilməyən şəxslər, məhkumluğun götürülməsi və ödənilməsi nəzərə alınmadan, sülh və insanlıq, ictimai təhlükəsizlik və ictimai mənəviyyat əleyhinə, həyat və sağlamlıq, şəxsiyyətin azadlığı və ləyaqəti, şəxsiyyətin cinsi toxunulmazlığı və cinsi azadlığı əleyhinə, yetkinlik yaşına çatmayanlar və ailə münasibətləri əleyhinə qəsdən törədilən ağır və ya xüsusilə ağır cinayətlərə görə məhkum olunmuş şəxslər və bu cinayətləri törətdiyinə görə barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş şəxslər; barəsində cinayət təqibi üzrə icraat aparılan şəxslər (cinayət təqibi müddətində); nikahda olmayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər aid edilir.

Övladlığa uşaq götürmək üçün ailədə adambaşına düşən orta aylıq gəlirin miqdarına gəldikdə isə burada göstərilir ki, ailədə adambaşına düşən orta aylıq gəlirin miqdarı ailə üzvlərinin hər biri üçün övladlığa götürüləcək uşaq da nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş yaşayış minimumunun məbləğindən az olmamalıdır.

Eləcə də bəzi bəzi xəstəlikləri olan şəxslər övladlığa uşaq götürə bilməzlər. Həmin xəstəliklərə: dispanser müşahidəsinin I, II və V qruplarına aid olan şəxslərdə vərəm xəstəliyi; bütün növ infeksion (yoluxucu) xəstəliklər; lokalizasiyasından asılı olmayaraq III və IV dərəcəli bədxassəli yenitörəmələr; dispanser müşahidəsi bitənədək psixi (ruhi) və davranış pozuntuları; narkomaniya, toksikomaniya (dərman asılılığı) və alkoqolizm daxildir.


MANŞET XƏBƏRLƏRİ