İran İnsan Haqları Fəalları Xəbər Agentliyi (HRANA) iqtisadi problemlər səbəbindən başlayan etirazlarda ölənlərin sayının 36-ya çatdığını bildirib.
Turkustan.az xəbər verir ki, ABŞ-da yerləşən HRANA-nın saytında dərc olunmuş hesabatda ölkədə 10 gündür davam edən etirazlar barədə məlumat verilir. Hesabata görə, bu müddət ərzində 31 ştatdan 27-də baş verən etirazlarda 34 etirazçı və 2 təhlükəsizlik qüvvəsi əməkdaşı həyatını itirib.
Ölkə üzrə ümumilikdə 285 yerdə keçirilən nümayişlərdə onlarla insan yaralanıb, 2076 nəfər isə saxlanılıb. Xəsarətlərin əksəriyyətinin təsadüfi və plastik güllələrdən qaynaqlandığı bildirilib. İran hakimiyyəti hələlik nümayişlərdə ölüm və ya yaralanma ilə bağlı rəsmi açıqlama yaymayıb.
İranda etirazlar davam edərkən, Britaniyalı millət vəkili Tom Tugendhat dünyanı şoka salacaq bir iddia ilə çıxış edib. Tugendhat bildirib ki, Rusiya yük təyyarələrinin Tehrana enişi və ölkədən külli miqdarda qızılın çıxması barədə məlumatlar var və bunun İran rejiminin mümkün hakimiyyətdən düşməsindən sonrakı həyata hazırlaşdığı anlamına gəlib-gəlmədiyini soruşub.
Tuqendhat parlamentdəki çıxışında deyib: "Biz həmçinin Rusiya yük təyyarələrinin Tehrana gəldiyini və eniş etdiyini , ehtimal ki, silah və sursat daşıdığını və İrandan külli miqdarda qızılın çıxarıldığı barədə məlumatlar eşidirik." O, hökumətin "rejimin özünün süqutdan sonrakı həyata hazırlaşdığını" göstərən məlumatlar barədə qanunvericiləri məlumatlandıra biləcəyini soruşub.
Aytən Yaşar/ Turkustan.az